Qeyd edək ki, iddiaçının vəkili R. Məmmədov N.Məmmədovun tibbi kartında yer alan imzaların 15 saylı cəzaçəkmə müəssisəsinin tibb-sanitar hissəsinin rəisi Kamal Rüstəmova məxsus olmadığını, imzalar arasında fərqlərin olduğunu deyərək, bununla bağlı xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət qaldırmışdı. Lakin məhkəmə bu vəsatəti təmin etmədi.
Bundan başqa iddiaçının vəkili R. Məmmədov mərhum N. Məmmədova qoyulmuş diaqnoz ilə edilmiş müalicənin adekvatlığını müəyyən etmək üçün tibbi ekspertiza keçirilməsi üçün vəsatət qaldırmışdı. Vəkil R. Məmmədovun bu vəsatəti təmin edildi. Hakim bildirdi ki, ekspertiza səbəbilə işin icraatı müvəqqəti olaraq dayandırılır.
Qeyd edək ki, Məryəm Məmmədova və Emil Məmmədov Nizami rayon məhkəməsinin 06 fevral 2009-cu il tarixli, 6(007)-7/09 saylı qərarı ilə cavabdehlərin üzərinə qoyulmuş, mərhum Novruzəli Xanməmməd oğlu Məmmədovun müayinə və müalicə olunması vəzifələrinin icra olunmamasını (hərəkətsizliyi) yaşamaq hüququnun pozuntusu kimi qanunsuz hesab edilməsini, həmçinin cavabdehlərin hərəkətsizliyi nəticəsində onlara dəymiş mənəvi ziyana görə 3.000.000 manat məbləğində təzminat ödənilməsini istəyirlər.
Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək, etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.