”HUMAN RİGHTS WATCH” AZƏRBAYCANDA İNSAN HAQLARININ VƏ SÖZ AZADLIĞININ VƏZİYYƏTİNİ MƏNFİ QİYMƏTLƏNDİR

”Human Rights Watch” təşkilatı dünyada insan haqlarının durumu ilə bağlı son hesabatını yayıb. Bu barədə “Azadlıq”  radiosu məlumat yayıb. Hesabatda Azərbaycanda insan haqlarının durumunun daha da pisləşdiyi qeyd olunub.

Təşkilat bildirir ki, 2009-cu ildə Konstitusiya dəyişiklikləri ilə bağlı referendum, iqtidarın jurnalistlərə qarşı hücumları, dini etiqad haqdakı qanuna məhdudlaşdırıcı müddəaların əlavəsi, polis və cəzaçəkmə məntəqələrində işgəncə halları, kobud rəftar, hüquq müdafiəçilərinin sıxışdırılması halları bunun əsas səbəbləridir.
Ümumilikdə 90 ölkəni əhatə edən 612 səhifəlik hesabatda Azərbaycana 5 səhifə ayrılıb. 5 səhifənin tam yarısı media azadlığı və vətəndaş cəmiyyətinin aktivliyinə həsr edilib. Hesabatın bu hissəsində 2008-ci ilin noyabrından sonrakı 1 il ərzində Azərbaycanda azı 9 jurnalistin böhtan maddəsi ilə cinayətdə ittiham edilməsi, Adnan Hacızadə və Emin Milli kimi bloqqerlərin həbsi, jurnalistlərə qarşı zorakılıq hallarının araşdırılmaması və Milli Teleradio Şurasının xarici radiostansiyaların FM tezliyində yayımını dayandırmasından danışılır.
Üstəlik, mart referendumunda söz azadlığıyla bağlı bəzi hüquqların da məhdudlaşdırıldığı bildirilir.
“İşgəncə və kobud rəftar” bölümündə bildirilir ki, Azərbaycanda müvəqqəti saxlanma yerləri və həbsxanalarda kobud rəftar və işgəncə halları geniş yayılıb. Ötən ilin avqustunda həbsdəki redaktor Novruzəli Məmmədovun müalicə ala bilmədiyi üçün vəfat etməsi buna sübut olaraq göstərilib.
Hesabatda həmçinin “Din azadlığı” və “Siyasi məhbuslar”la bağlı vəziyyətin də Azərbaycanda ürəkaçan olmadığı vurğulanıb.
”Human Rights Watch”  təşkilatının proqram direktoru Leyn Levin deyib ki, əslində, ötən il təkcə Azərbaycanda yox, bütün dünyada insan haqlarını pozan hökumətlər daha da aqressivləşib, hüquq müdafiəçilərinə qarşı hücumların da sayını artırıblar.  
Levin əlavə edib ki, insan haqlarını ənənəvi olaraq pozması ilə ad çıxaran Çin, İran, Şimali Koreya və Birma kimi rejimlərin sayı son illərdə lap artıb. Bir-iki istisna olmaqla post-sovet ölkələrinin əksəriyyəti və o cümlədən Azərbaycan da bu siyahıya qoşulub.
Rusiya, Ermənistan, Belarus, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan da artıq daim insan haqlarının pozulduğu ölkələr siyahısındadırlar. Ukrayna və Gürcüstanda isə vəziyyət elə də yaxşılaşmır.

Previous Post

“AZAD MƏTBUATIN AZAD SÖZ PROBLEMİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

JURNALİSTLƏRİN MÜDAFİƏ KOMİTƏSİ EYNULLA FƏTULLAYEVİ AZAD ETMƏYƏ ÇAĞIRIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.