“AZAD MƏTBUATIN AZAD SÖZ PROBLEMİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Yanvarın 19-da Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında – şeirinin “Azadlıq” qəzetində dərc olunmamasına etiraz edərək aclıq aksiyası keçirən satirik şair Mirzə Sakitin aclıq keçirdiyi otaqda “Xural” qəzetinin təşkilatçılığı ilə “Azad mətbuatın azad söz problemi” mövzusunda Dəyirmi Masa keçirilib.

Tədbiri giriş sözü ilə açan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirdi ki, Dəyirmi Masada Mirzə Sakitin aclıq aksiyası ilə yanaşı, Azərbaycan mətbuatında yaranmış daxili senzura problemini müzakirə etmək lazımdır.
Daha sonra söz alan satirik şair Mirzə Sakit əvvəllər də bu kimi problemlərlə üzləşdiyini və onun bir çox şeirlərinin dərcinə məhdudiyyət qoyulduğunu bildirdi. O, qeyd etdi ki, həbsdən çıxdıqdan sonra dörd ay müddətində qəzetdən uzaqlaşdırılıb və yazıları dərc edilməyib. Onun sözlərinə görə buna səbəb kimi guya Q. Zahidə türmədə hər hansı bir xətər toxundurulması, şairin özünün təhlükəsizliyini təmin etmək və qəzetin bağlanma təhlükəsi kimi bəhanələr gətirilib.   M. Sakit onu da əlavə edib ki, yalnız həbsdə olan baş redaktor Q. Zahidlə görüşdükdən, qəzet daxilindəki proseslərdən onu xəbərdar etdikdən və qəzetdə kimin kim olduğunu izah etdikdən sonra yenidən yazıları “Azadlıq” qəzetində dərc edilməyə başlamışdı.
Yazar Rafiq Tağı isə öz çıxışında M. Sakitin şeri ilə tanış olduğunu və bu şeri öz qəzetində dərhal çap edə biləcəyin bildirdi. Demokratiyanın çox kövrək varlıq olduğunu deyən R.Tağı, bu varlığın hər hansı bir diktatorun asanlıqla məhv edə biləcəyini və bu səbəbdən də ən demokratik ölkələrdə belə diktaturaya qarşı mübarizə aparıldığını deyib. Yazar hazırda demokratik sayılan mətbuatda diktaturaya qarşı yazılan yazıların müəyyən həddə qədər icazə verildiyindən çox təəssüfləndiyini də bildirib. O, hazırkı Azərbaycan mətbuatını sovet dövründə nəşr olunan “Kirpi” jurnalı ilə müqayisə etdi: “O dövrdə də “Kirpi” jurnalında dövlət məmurlarının tənqid edilməsinə icazə verilirdi, lakin müəyyən hədd çərçivəsində.  “Azadlıq” və ya “Yeni Müsavat” qəzetini “Kirpi” səviyyəsinə endirmək olmaz.”   
Yazar Murad Köhnəqala Qənimət Zahidin həbsxanadan Mirzə Sakitə mesaj göndərməsinə münasibət bildirdi və əlavə etdi ki, Q. Zahid faktiki olaraq qəzetdə heç bir səlahiyyətə malik deyil. “Azadlıq” qəzetində mənim yazılarımın dərci ilə də bağlı problem bir neçə dəfə olsa da, bu redaksiya daxilində həll olunmuş və qəzetin həbsdə olan baş redaktoru Q.Zahidin xəbəri belə olmamışdır. Hesab edirəm ki, baş verənlər 2 qardaşın – Qənimət Zahid və Mirzə Sakitin üz-üzə qoyulmasıdır” – deyə M.Köhnəqala bildirdi.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov belə bir tədbirin keçirilməsinin vacibliyini vurğuladı. Emin Hüseynov son vaxtlar mətbuatda daxili bir senzura yarandığını təəssüflə vurğuladı. O qeyd etdi ki, Mirzə Sakit yeganə yazardır ki, həbsdə olduğu müddətdə də yazılarına davam edib. Emin Hüseynov həbsdə olan jurnalistlərin yazılarının qəzetdə dərc olunmasının zəruri olduğunu vurğuladı. O təklif etdi ki, hətta onların yazdığı məqalələrin həbsxanadan çıxarılmasına icazə verilmədiyi hallarda, azadlıqda onun kimi yaza bilən yazarlara öz fikirlərini yaxınları vasitəsilə çatdırsınlar və yazı həbsdə olan jurnalistin imzası ilə dərc olunsun. Bu, həbsdə olan həmin jurnalistin yazar imicinin qalmasını təmin edəcək. RATİ sədri həmçinin Mirzə Sakitə aclıq aksiyasını dayandırmağı tövsiyə etdi.  
Yazar Elnur Astanbəyli bildirdi ki, özünün “Azadlıq” qəzetindəki yazılarına heç vaxt məhdudiyyət qoyulması ilə qarşılaşmayıb. Bu səbəbdən də Mirzə Sakitlə “Azadlıq” qəzeti arasındakı məsələni “iki qardaşı üz-üzə qoymaq cəhdi” kimi qiymətləndirdiyini dedi.
  Tədbirdə “Azadlıq” qəzetinin yazarı Qan Turalı da çıxış edib. O, çıxışında M.Sakitin dərc edilməyən şerində həqiqətən də təhqir elementlərinin olduğunu bildirib: ”Mən ədəbiyyatdan anlayışı olan adam kimi bildirirəm ki, həmin şeirdə təhqir elementləri həqiqətən var idi.”
Dəyirmi Masa iştirakçıları 20 yanvar hadisələrinin 20-ci ildönümü olduğunu Mirzə Sakitə xatırladaraq, şəhidlərin ruhuna hörmət əlaməti olaraq aclıq aksiyasını dayandırmağını tövsiyə etdilər. Mirzə Sakit yanvarın 16-da başlatdığı aclıq aksiyasını dayandırdı.
Qeyd edək ki, yanvarın 11-də təqdim etdiyi şeiri  “Azadlıq” qəzetində çap olunmadığına görə M.Sakit yanvarın 14-də aclıq aksiyasına başlamışdı. “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov təhqiredici ifadələr olduğuna görə şeirin çap olunmadığını bildirib. M.Sakit isə bildirir ki, şeirdə diktatura rejimləri sərt tənqid olunsa da, orda təhqiredici ifadələr yoxdur.
Previous Post

TƏLƏBƏ-JURNALİST ALİ MƏKTƏBDƏN QOVULMAQ ÜZRƏDİR

Next Post

”HUMAN RİGHTS WATCH” AZƏRBAYCANDA İNSAN HAQLARININ VƏ SÖZ AZADLIĞININ VƏZİYYƏTİNİ MƏNFİ QİYMƏTLƏNDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.