Martın 5-də “Azad dalğalar” layihəsi çərçivəsində Azərbaycanda teleradio yayım sahəsinin tənzimlənməsi mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Açılış çıxışlarından sonra “Teleradio yayımı sahəsinin tənzimlənməsi: mövcud vəziyyət və yanaşmalar” adlı panel üzrə çıxışlar və müzakirələr keçirilmişdir. Bu paneldə ilk olaraq çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) baş məsləhətçisi Qulam Abdullayev Azərbaycanda TV yayımlarının texnik vəziyyəti və inkişaf perspektivləri barədə məlumat vermişdir. Onun sözlərinə görə, Azərbaycanda rəqəmsal yayıma keçid üçün tədbirlər hazırlanıb və bu istiqamətdə işlər davam etdirilir. Konfrans iştirakçılarının suallarını cavablayan Abdullayev boş qalmış tezlik siyahısının Milli Televiziya və Radio Şurasına verildiyini bildirdi. O sərhəd rayonlarda başqa ölkələrin televiziya və radio kanallarının milli tezliklərdə yayımlanmasını problem kimi qiymətləndirib.
İREX-Azərbaycan təşkilatını təmsil edən ekspert Ələsgər Məmmədli teleradio yayımının tənzimlənməsində mövcud problemlərə toxunub. O, Azərbaycanın beynəlxalq təşkilatlara üzv olarkən yayım sahəsinin inkişaf etdirilməsi üçün üzərinə bir sıra öhdəliklər götürdüyünü xatırlatdı. Ekspert bu öhdəliklərin heç də hamısının yerinə yetirilmədiyini bildirərək, bu sahədə xeyli sayda problemlərin mövcud olduğunu qabardıb. Tezliklər üzrə müsabiqələrin keçirilməməsi, qanunvericilikdəki boşluqlar, telekanalların mövcud qanunvericiliklə nəzərdə tutulmuş prinsiplərə zidd olaraq fəaliyyət göstərməsi və s. əsas problemlər kimi qeyd olunub.
Gürcüstanda yerləşən İlya Universitetinin professoru Oleq Panfilov keçmiş postsovet məkanında telejurnalistikanın vəziyyəti barədə apardığı araşdırmaların nəticələri barədə məruzə edib. Panfilov telekanalların fəaliyyət istiqamətlərinə görə onların nə dərəcədə siyasiləşməsi ilə bağlı əldə edilən nəticələri elan edib. Ən pis vəziyyətin Özbəkistan, Türkmənistan və Belorus respublikasında olduğunu deyən ekspert Azərbaycan telekanallarını ən siyasiləşmiş telekanallar adlandırıb.
RATİ-nin sədri Emin Hüseynov Azərbaycanda yeni televiziya və radio kanalların açılma imkanları üzrə məruzə ilə çıxış edib. Onun sözlərinə görə, dövlət büdcəsindən maliyyələşən telekanalların sonradan qapalı səhmdar cəmiyyətə çevrilməsi, sonradan isə AzTV-nin bazasında fəaliyyət göstərən İdman-Azərbaycan telekanalının yaradılması qeyri-qanuni prosesdir. Belə ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə görə, dövlət telekanalları İctimai yayımçıya çevrilməli idi. Hüseynov boş qalmış tezliklərin siyahısının dərc edilməməsini, tezliklərin əldə edilməsi üçün müsabiqələrin keçirilməməsini teleradio kanallarının açılması imkanlarının məhdudlaşdırılması kimi dəyərləndirib.
“Telekanalların və radioların fəaliyyətinin monitorinqi: müxtəlif baxışlar” adlanan ikinci paneldə ilk çıxışçı media monitorinqi üzrə ixtisaslaşmış MEMO 98 təşkilatının nümayəndəsi Yeqor Tilpunov olmuşdur. Ekspert hazırladıqları və monitorinqin həyata keçirildiyi metodologiya barədə məlumat verdi. Təmsil etdiyi təşkilat tərəfindən müxtəlif ölkələrdə həyata keçirdikləri media monitorinqi üzrə əldə edilən nəticələri nümayiş etdirən ekspert Azərbaycanda əldə edilən nəticələrin ürəkaçan olmadığını vurğuladı. MEMO 98 təşkilatı “Azad dalğalar” layihəsi üzrə beynəlxalq partnyor təşkilatdır.
RATİ-nin nümayəndəsi Rəsul Cəfərov 2009-cu ilin may ayından dekabrına qədər Azərbaycanda aparılmış monitorinqin nəticələrinin xülasəsini vermişdir. Cəfərov müşahidə edilən tendensiyaların neqativ tendensiyalar olduğunu bildirərək, onları bir neçə istiqamətdə təhlil etmişdir. Onun sözlərinə görə, telekanallarda siyasi müxtəliflik sıfır səviyyəsindədir, siyasi fiqurların işıqlandırılmasında üstünlük hakim siyasi qüvvələrə verilir ki, bu da öz növbəsində balanslaşdırma, hər kəsin öz fikrini ifadə etmək, hərtərəfli məlumat çatdırmaq və s. prinsiplərin pozulması deməkdir. Telekanalların əksəriyyətində praym-taym (18.00-24.00) vaxtında debat və müzakirə xarakterli verilişlərin olmadığını deyən Cəfərov, bunu vətəndaşların düzgün seçim etmələri üçün lazım olan məlumatdan məhrum edilmə kimi qiymətləndirib.
Müstəqil ekspert və uzun müddət Azərbaycan telekanallarında fəaliyyət göstərmiş Mehriban Vəzir keçirdikləri sorğu barədə məlumat vermiş, sorğunun nəticələrinin qənaətbəxş olmadığını qeyd etmişdir. Sorğunun nəticələrinə görə, Azərbaycan tamaşaçıları daha çox peyk vasitəsilə yayımlanan rus və əsasən türk telekanallarına baxmağa üstünlük verməyə başlayıblar. Belə bir vəziyyətin yaranmasına Azərbaycan telekanallarının səbəbkar olduğunu deyən ekspert, təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini qeyd edib.
Media Monitorinqi İnstitutunun nümayəndəsi Samir İsmayılov Azərbaycanda fəaliyyət göstərən radioların fəaliyyətini qiymətləndirib. İsmayılov Azərbaycandakı radioların heç birində xəbər departamentlərinin olmadığını və hər saatın əvvəlində verilən xəbərlərin əsasən ümumi xarakterli məlumatlar olduğunu bildirib. O, əksər radioların mövcud telekanalların bazasında fəaliyyət göstərdiklərini və telekanalların təqdim etdikləri xəbərlərin qısaldılmış formada radiolarda təqdim edilməsini mənfi amil kimi vurğulayıb. Azərbaycanın heç bir regionunda yerli radionun olmaması məruzədə mənfi hal kimi qeyd edilib.
Müzakirələrin aparıldığı üçüncü panel “Teleradio yayımının tənzimlənməsi üzrə qanunvericilik təşəbbüsləri: qanunvericilikdəki boşluqlar və təkliflər” mövzusuna həsr edilmişdi. Bu paneldə ilkin olaraq çıxış edən MHİ-nin rəhbəri Rəşid Hacılı yayım qanunvericiliyində mövcud olan boşluqlar barədə məlumat verib. Hacılı milli televiziya və radio kanallar tərəfindən hazırlanan məhsulların sivil toplum tərəfindən qəbul edilmədiyini və bu məhsulların qaneedici olmadığını deyib. O telekanalların reklam bazarının rəsmi qaydada hansı rəqəmlərlə ölçüldüyünün bilinməməsini, bu istiqamətdə heç bir işin aparılmamasını mənfi tendensiyalar kimi dəyərləndirib. Qanunvericilikdə boşluqların telekanallara müstəqil sahiblik məsələsinin də açıq qoyduğunu deyən Hacılı, cəmiyyətə açıq olan məlumatların verilmədiyini (məs., dövlət televiziyasının reklamdan olan gəlirləri) xüsusilə qabardıb.
Yayım hüququnun reallaşmasında məhkəmə təminatının vəziyyətinə həsr olunmuş məruzə ilə çıxış edən Demokratiya və İnsan Hüquqları resurs Mərkəzinin sədri Əsabəli Mustafayev mövcud məhkəmə çəkişməsinə toxunub. Mustafayev hüquqlarını müdafiə etdiyi Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi ictimai birliyinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə keçirilən məhkəmə prosesinin təfərrüatları barədə məlumat verib. Onun sözlərinə görə adı çəkilən birlik Sumqayıt şəhərində yeni telekanalın açılması üçün MTRŞ-nın tezlik ayırmamasını qanunsuz hesab edilməsi və tezliyin ayrılması üçün qərarın çıxarılması üçün məhkəməyə müraciət edib. Prosesin hazırda Azərbaycanda olan məhkəmə instansiyalarında icraatda olduğunu, lakin ədalətli qərarın çıxarılması üçün Avropa Məhkəməsinə qədər işin aparılacağı qeyd edilib.
Seçki dövründə telekanallarda bərabər imkanların yaradılması və Azərbaycanda seçkiqabağı təşviqatın hüquqi problemləri barədə müvafiq olaraq ATƏT-in Bakı ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri Jaklin Karpenter və Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov çıxış ediblər. Karpenter seçki dövründə telekanallarda namizədlərə və partiyalara yaradılan imkanlarla bağlı ABŞ-da olan təcrübə barədə məlumat vermişdir. O, Azərbaycanda keçirilən 2008-ci il Prezident seçkiləri, o cümlədən 2009-cu ilin dekabrında keçirilən bələdiyyə seçkiləri dövründə siyasilərə telekanallarda heç də bərabər imkanların yaradılmadığını qeyd etmişdir. Həsənov isə qanunvericilikdə olan problemlərə toxunaraq, seçkiqabağı təşviqat müddətinin az olması, maarifləndirici verilişlər üçün az müddətin nəzərdə tutulması, namizədlər üçün yalnız İctimai Televiziyada ödənişsiz efir vaxtının ayrılması və s. kimi problemləri qabardıb. Prezident seçkiləri ərəfəsində Prezidentin özünün birbaşa təşviqat kampaniyasında iştirak etmədiyini deyən Həsənov bununla belə onun regionlarda görüşlərinin telekanallarda geniş şəkildə işıqlandırıldığını bildirdi. Həmin görüşlərdə isə prezidentin hesabat xarakterli çıxışları olub, gələcəkdə görüləcək işlər barədə məlumat verib, başqa sözlə desək, onun təbliğatının aparılması üçün şərait yaradılıb.
Konfransda teleradio sahəsinin tənzimlənməsi üzrə ekspertlər, QHT rəhbərləri, hüquq müdafiəçiləri, jurnalistlər, ictimai xadimlər, diplomatik korpus nümayəndələri iştirak ediblər. Bir sıra dövlət qurumlarına, o cümlədən Milli Televiziya və Radio Şurasına bir neçə dəfə dəvət göndərilsə də, konfransda yalnız RİTN-nin nümayəndəsi iştirak edərək məruzə ilə çıxış edib. Bütün telekanallara dəvətin göndərilməsinə baxmayaraq, yalnız İctimai Televiziyanın nümayəndələri konfransa qatılıblar. İctimai Televiziyanın nümayəndəsi Tahir Məmmədov məruzələr zamanı İctimai Televiziya ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirmiş, aparılan müzakirələrdə iştirak etmişdir.
Konfransın sonunda çıxış edən RATİ sədri Emin Hüseynov “Azad dalğalar” layihəsi çərçivəsində həyata keçirilən işlərin böyük həmiyyətə malik olduğunu bildirdi. O layihəni dəstəklədiyinə görə Avropa Komissiyasına və German Marşal Fonduna öz minnətdarlığını bildirdi.
*Beynəlxalq konfransın tam stenoqramı bu həftə ərzində hazırlanaraq yayılacaq.
Foto:http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,447/lang,az/
Video: http://www.irfs.az/content/view/3559/31/lang,az/
Video (İctimai Televiziyada efirə verilən süjet): http://www.irfs.az/content/view/3558/31/lang,az/