Bu gün (21 aprel) Milli Televiziya və Radio Şurasında (MTRŞ) “Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət” mövzusunda konfrans keçirilib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bir neçə gün öncə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun və MTRŞ sədrinin İnternet televiziyalarının lisenziyalaşdırılmasının vacibliyi ilə bağlı verdiyi bəyanatlara münasibət bildirib. İnternet TV-lərin lisenziyalaşdırılmasını məhdudlaşdırıcı addım olacağını və bunun ölkənin imicinə böyük zərbə vuracağını deyən AİF prezidenti bu təşəbbüsün yerli və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyini diqqətə çatdırdı. O, teleradio yayımı sahəsində lisenziya və tezlik probleminin olduğunu, regional televiziyaların sayının az olmasını, regional radioların isə ümumiyyətlə olmadığını vurğuladı.
* MTRŞ-nın rəsmi saytında tədbirin saat 10.00-dan 13.00-a qədər davam edəcəyi bildirilsə də, tədbir saat 12.00-da yekunlaşdırıldı. Nəticədə, müzakirə olunan məsələlərə fikir bildirmək istəyən İREX-Azərbaycan və RATİ təşkilatlarının nümayəndələri çıxış edə bilmədilər.