MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASININ SƏDRİ DƏ İNTERNET TELEVİZİYALARIN LİSENZİYALAŞDIRILMASINDAN DANI

Bu gün (21 aprel) Milli Televiziya və Radio Şurasında (MTRŞ) “Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət” mövzusunda konfrans keçirilib.

MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmov tədbirin keçirilməsində əsas məqsədin teleradio sahəsindəki vəziyyətin və ictimai nəzarət məsələlərinin müzakirə etmək olduğunu bildirdi. Teleradio sahəsinin tənzimlənməsi ilə bağlı müəyyən problemlərin olduğunu deyən Məhərrəmov bu problemlərin şou xarakterli və ailə-məişət mövzusunda olan verilişlərin sayının artmasında, aparıcıların peşəkarlığının aşağı olmasında təzahür etdiyini vurğulayıb. Məhərrəmov çıxışında İnternet TV və radioların dövlət tərəfindən tənzimlənməsinin vacibliyini də qeyd edib. Mətbuat Şurasının sədri Əflatun Amaşov da dövlət tənzimlənməsinə tərəfdar olduğunu söylədi.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bir neçə gün öncə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun və MTRŞ sədrinin İnternet televiziyalarının lisenziyalaşdırılmasının vacibliyi ilə bağlı verdiyi bəyanatlara münasibət bildirib.  İnternet TV-lərin lisenziyalaşdırılmasını məhdudlaşdırıcı addım olacağını və bunun ölkənin imicinə böyük zərbə vuracağını deyən AİF prezidenti bu təşəbbüsün yerli və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyini diqqətə çatdırdı. O, teleradio yayımı sahəsində lisenziya və tezlik probleminin olduğunu, regional televiziyaların sayının az olmasını, regional radioların isə ümumiyyətlə olmadığını vurğuladı.

 
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov O.Gündüzün fikirlərinə münasibət bildirərək, mövcud olmayan problemlərin qaldırılmasına qarşı olduğunu, İnternet TV və radioların lisenziyalaşdırılması məsələsinin hələ müzakirə edilmədiyini bildirdi.  Regional televiziya və radio məsələsi ilə əlaqədar isə Həsənov bu məsələdə heç bir məhdudiyyətin olmadığını, radio və ya televiziya açmaq istəyən şəxslərin müraciət etmə imkanlarının olduğunu  deyib.
Millət vəkili Fazil Mustafa telekanallarda debatların artırılmasının vacibliyini vurğulayaraq, bunun müxtəlif siyasi düşərgədə olan şəxslərin fikirlərinin cəmiyyətə çatdırılması üçün əhəmiyyətli olduğunu bildirib.  

* MTRŞ-nın rəsmi saytında tədbirin saat 10.00-dan  13.00-a qədər davam edəcəyi bildirilsə də, tədbir saat 12.00-da yekunlaşdırıldı. Nəticədə, müzakirə olunan məsələlərə fikir bildirmək istəyən İREX-Azərbaycan və RATİ təşkilatlarının nümayəndələri çıxış edə bilmədilər.

Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN “AZƏRİQAZ” İSTEHSALAT BİRLİYİNƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.