Bu gün (25 may) Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi BMT komitələri tərəfindən Azərbaycan hökumətinin hesabatlarına dair hazırladığı tövsiyələri təqdim edib. Tədbirdə dövlət qurumlarının, QHT-lərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları tövsiyələr üzrə müzakirələr aparıblar, onların həyata keçirilməsinin zəruriliyini qeyd ediblər. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri E. Hüseynov həbsdə olan jurnalistlərlə görüşmək istədiklərini, lakin müraciətlərinin uzun müddət cavablandırılmadığını bildirdi. O, yalnız Penitensiar Xidmət yanında İctimai Komitə üzvlərinin cəzaçəkmə müəssisələrinə monitorinq aparması üçün buraxılmasını hüquq müdafiəçiləri arasında ayrı-seçkilik kimi qiymətləndirib.
Ədliyyə Nazirliyinin nümayəndəsi Vüqar Qarayev və İctimai Komitənin üzvü Nazir Quliyev bu istiqamətdə problemlərin olmadığını, İctimai Komitənin üzvü olmayan hüquq müdafiəçilərinin Komitədə təmsil olunan hüquq müdafiəçiləri ilə birgə cəzaçəkmə müəssisələrinə baş çəkmələrinin mümkün olduğunu bildiriblər.
Qeyd edək ki, Azərbaycandan Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsinə daxil olan 8 hüquq müdafiə təşkilatı (Hüquq Maarifçiliyi Cəmiyyəti, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Media Hüquq İnstitutu, Dilarə Əliyeva adına Qadınların Hüquqlarını Müdafiə Cəmiyyəti, Sülh və Demokratiya İnstitutu, Humanitar Araşdırmalar Cəmiyyəti, Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi, Azad İqtisadiyyata Yardım İctimai Birliyi) ötən ilin iyul və noyabr ayında müvafiq olaraq BMT-nin İnsan Hüquqları Komitəsinə və İşgəncələr Əleyhinə Komitəyə alternativ hesabatlar təqdim edib.