CƏLAL ƏLİYEV “YENİ MÜSAVAT” QƏZETİNİ YENİDƏN MƏHKƏMƏYƏ VERİB

Millət vəkili, akademik Cəlal Əliyev “Yeni Müsavat” qəzetini və qəzetin baş redaktor müavini Azər Ayxanı mülki qaydada məhkəməyə verib.

 Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn məlumat verib. O,  bildirib ki, C. Əliyev “Yeni Müsavat” qəzeti  və A.Ayxanın  50 min manat təzminat ödəməsi və qəzetdə təkzib verməsi tələbi ilə yenidən Nizami rayon Məhkəməsinə  müraciət edib. İddia üzrə hazırlıq iclası hakim Cahangir Yusifovun sədrliyi ilə 8 iyul saat 16:00-da keçiriləcək.

Qeyd edək ki, iddiaya “Yeni Müsavat”ın bu il yanvarın 05-də işıq üzü görən sayında “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı, “Bakı” mehmanxanası Cəlal Əliyevin imiş” başlıqlı məqalə səbəb olub.

Xatırladaq ki, Cəlal Əliyev sözügedən məqalələrə görə bir müddət əvvəl də Nizami rayon məhkəməsində Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. 10 fevral 2010-cu il tarixində hakim Ziya Əliyev iddia ərizəsinin düzgün hazırlanmamasını əsas göstərək, iddianın icraata götürülmədən rədd edilməsi barədə qərar çıxarmışdı. İddiaçı bu qərardan apellyasiya şikayəti versə də, bu il mayın 4-də apellyasiya şikayətini geri götürmüşdü.

 Qeyd edək ki, millət vəkili Cəlal Əliyev mərhum prezident Heydər Əliyevin qardaşı, indiki dövlət başçısı İlham Əliyevin əmisidir.

 Azərbaycanın ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

MTRŞ “MTV AZƏRBAYCAN” KANALININ AÇILACAĞINDAN XƏBƏRSİZDİR

Next Post

BMT KOMİTƏLƏRİNİN HAZIRLADIĞI TÖVSİYƏLƏR TƏQDİM OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.