BMT KOMİTƏLƏRİNİN HAZIRLADIĞI TÖVSİYƏLƏR TƏQDİM OLUNUB

Bu gün (25 may) Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi BMT komitələri tərəfindən Azərbaycan hökumətinin hesabatlarına dair hazırladığı tövsiyələri təqdim edib. Tədbirdə dövlət qurumlarının, QHT-lərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər.

Tədbirdə məlumat verilib ki, Azərbaycan hökuməti 2009-cu il ərzində BMT-nin İnsan Hüquqları Komitəsinə, İşgəncələr Əleyhinə Komitəyə, Qadınlara qarşı Ayrı-seçkiliyin Ləğv Edilməsi üzrə Komitəyə, İrqi Ayrı-seçkiliyin Ləğv Edilməsi üzrə Komitəyə və  Bütün Fəhlə Miqrantların və Onların Ailə Üzvlərinin Hüquqlarının Qorunması üzrə Komitəyə dövrü hesabatlar təqdim edib. Komitə üzvləri isə hökumət nümayəndələri və komitələrə alternativ hesabatlar təqdim edən QHT nümayəndələri ilə apardığı müzakirələrdən sonra yekun tövsiyələr hazırlayıblar.

Tədbir iştirakçıları tövsiyələr üzrə müzakirələr aparıblar, onların həyata keçirilməsinin zəruriliyini qeyd ediblər. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri E. Hüseynov həbsdə olan jurnalistlərlə görüşmək istədiklərini, lakin müraciətlərinin uzun müddət cavablandırılmadığını bildirdi. O, yalnız Penitensiar Xidmət yanında İctimai Komitə üzvlərinin cəzaçəkmə müəssisələrinə monitorinq aparması üçün buraxılmasını hüquq müdafiəçiləri arasında ayrı-seçkilik kimi qiymətləndirib.

Ədliyyə Nazirliyinin nümayəndəsi Vüqar Qarayev və İctimai Komitənin üzvü Nazir Quliyev bu istiqamətdə problemlərin olmadığını, İctimai Komitənin üzvü olmayan hüquq müdafiəçilərinin Komitədə təmsil olunan hüquq müdafiəçiləri ilə birgə cəzaçəkmə müəssisələrinə baş çəkmələrinin mümkün olduğunu bildiriblər.

Qeyd edək ki, Azərbaycandan Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsinə daxil olan 8 hüquq müdafiə təşkilatı  (Hüquq Maarifçiliyi Cəmiyyəti, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Media Hüquq İnstitutu, Dilarə Əliyeva adına Qadınların Hüquqlarını Müdafiə Cəmiyyəti, Sülh və Demokratiya İnstitutu, Humanitar Araşdırmalar Cəmiyyəti, Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi, Azad İqtisadiyyata Yardım İctimai Birliyi) ötən ilin iyul və noyabr ayında müvafiq olaraq BMT-nin İnsan Hüquqları Komitəsinə və İşgəncələr Əleyhinə Komitəyə alternativ hesabatlar təqdim edib.   

Previous Post

CƏLAL ƏLİYEV “YENİ MÜSAVAT” QƏZETİNİ YENİDƏN MƏHKƏMƏYƏ VERİB

Next Post

“TƏZADLAR” QƏZETİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.