HÜQUQ MÜDAFİƏÇİSİ HAKİMƏ ETİRAZ EDİB

Dünən (26 iyul) Yasamal rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə Göyçay rayon Polis Şöbəsinin sabiq rəisi Vüqar Məmmədyarov, Göyçay rayon Polis Şöbəsinin inzibati təqiblər üzrə baş inspektoru Bəxtiyar Həşimov

və Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Rüfət İbayevin “Demokratiyanın Müdafiəsinə Kömək” ictimai birliyinin sədri hüquq müdafiəçisi Vidadi İsgəndərova qarşı xüsusi ittiham qaydasında iddia üzrə məhkəmə prosesi keçirildi.

 

Prosesdə cavabdeh Vidadi İsgəndərov və iddiaçıların vəkili Əlirza Həbilov iştirak edirdilər.

 

V.İsgəndərov prosesə sədrlik edən hakim X.Tağıyevə etiraz etdiyini bildirdi və etirazını yazılı şəkildə təqdim etdi. V.İsgəndərov bildirdi ki, hakim X.Tağıyev ötən prosesdən əvvəl onu həbs edəcəyi ilə hədələyib.  “Həmçinin mənim əsaslı şəkildə verdiyim bir çox vəsatətləri hakim qəbul etmir. Hakimin cinayət işini hərtərəfli aparmaması və s. səbəbləri nəzərə alaraq, işin baxılması üçün başqa hakimə verilməsi və yenidən hazırlıq mərhələsinə başlanılmasını istəyirəm” – deyən V.İsgəndərov  etirazını yazılı şəkildə hakimə təqdim elədi.

 

İddiaçının vəkili Ə. Həbilov etirazın əsassız olduğunu və formal mülahizələrə  əsaslandığını bildirərək, etirazın baxılmamış saxlanılmasını məhkəmədən istədi.

 

Hakim X.Tağıyev növbəti prosesi 12 avqust, saat 16:30-a təyin etdi.

 

Qeyd edək ki, Vüqar Məmmədyarov iyun ayının əvvəlində Göyçay rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib və Dövlət yol polisinin Şirvan şəhər qeydiyyat imtahan şöbəsinin rəisi təyin olunub.

 

Xatırladaq ki, iddiaçılar “Azadlıq” qəzetinin 2 aprel tarixli sayında “Polis məndən 3 min manat rüşvət alıb” adlı yazıda V.İsgəndərovun ona  böhtan atdığını hesab edərək, Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında iddia qaldıraraq, cinayət məsuliyyətinə cəlb olunmasını istəyiblər.

 

Previous Post

JURNALİST GÜLNAZ QƏNBƏRLİNİN İDDİASI TƏMİN EDİLMƏYİB

Next Post

KİV-İN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN İCRAÇI DİREKTORU “XURAL” QƏZETİNİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.