AZƏRBAYCANDA İNSAN HÜQUQLARININ DURUMUNA DAİR KONFRANS KEÇİRİLİB

Bu gün “Ambasador” oteldə Almaniyanın Fridrix Ebert Fondu və Azərbaycanın Gənclər Klubu İctimai Birliyi “Azərbaycanda İnsan Haqlarının mövcud vəziyyəti: problemlər və beynəlxalq standartlar” mövzusunda konfrans keçirib.

  Forumda bir sıra səfirliklərin nümayəndələri, müxalif siyasi partiyaların rəhbərləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edib. Tədbirin təşkilatçıları ATƏT-in, Avropa Şurasının və  hökumətin  dəvət edilən nümayəndələrinin tədbirə qatılmamağından təəssüfləndiklərini bildiriblər.

            Konfransda ölkədə insan hüquqları sahəsində vəziyyətin gərgin olduğu vurğulanıb. Çıxış edənlər ifadə azadlığı, azad seçki, toplaşmaq, mülkiyyət hüququ sahəsində  vəziyyətin xüsusilə ağır olduğunu bildirib.

“Ən ağır vəziyyət ifadə azadlığı sahəsindədir. Düz söz danışanlar ya həbs edilir, ya da narkotik ittihamı ilə üzləşir. Elmar Hüseynovun qətli, Eynulla Fətullayev və blogerlərin həbsi mediada daxili senzura amilini daha da gücləndirib” , – deyə tədbirdəki çıxışında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov qeyd edib.

            Forumda bu il keçirilən parlament seçkilər Azərbaycanın son 30 illik tarixində ən total saxtakarlıqlar edilmiş seçki kimi xarakterizə edilib. “Hətta ötən əsrin 90-cı illərindəki yenidənqurma dövründəki seçkilərdəki plüralizmi Azərbaycandakı 2010-cu il parlament seçkilərində müşahidə  edilmədi. O dövrdə sərbəst toplaşmaq hüququnu reallaşdırmaq imkanları mövcud idi, amma 2010-cu il Azərbaycanında bu da mümkün deyil”, – deyə Müsavat Partiyası Aparat Rəhbəri Arif Hacılı qeyd edib.

Tədbirdə ölkədə mülkiyyət hüququnun pozulma hallarının kütləvi hal aldığı qeyd edilib. Natiqlər mülkiyyət hüququnun pozulma hallarının bundan sonra daha da çoxalacağını proqnozlaşdırır. Belə ki, dünya bazarında neftin qiymətinin artması bu amili daha da artırır. “Azərbaycanda vəhşi məmur kapitalizmi dövrüdür. İnsanların mülkiyyəti, evləri, hətta  əmlakı zorla əlindən alınır. Demokratiya insanların mülkiyyət hüququndan başlanır. Mülkiyyət hüququ isə azad seçim hüququndan asılıdır. Azad seçki hüququ təmin edilməyən ölkədə mülkiyyət hüququ yoxdur”, – deyə İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev bildirib.

            “Ölkədə insanların şikayətləri araşdırılmır. Məhkəmələr şikayətlərə hüquqi qiymət vermir. Məhkəmələr daha çox sifarişləri yerinə yetirir. Azərbaycan hətta Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına məhəl qoymur” – deyə çıxışında hüquqşünas Rəsul Cəfərov qeyd edib.

            Tədbirdə politoloq Ərəstun Oruclu beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası, ATƏT-in Azərbaycandakı fəaliyyəti, Avropa Birliyinə daxil olan bir sıra ölkələrin Bakıdakı səfirliklərinin ünvanına da sərt tənqidlər səsləndirib. O, Avropa Birliyinə daxil olan bəzi ölkələrin Bakıdakı səfirliklərinin  fəaliyyəti dövründə insan hüquqlarının qorunması sahəsində heç bir fəaliyyətlə məşğul olmadıqlarını iddia edib.

            İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki,  uzunmüddətli sabitliyin təminatı  demokratiya, insan haqları və mülkiyyət hüququnun təminatından keçir.

   Müsavat Partiyasının başqanı İsa Qəmbər insan haqlarının pozulmasının əsas günahkarının Əliyev iqtidarının olduğunu bildirib. O eyni zamanda regionda demokratiyanın və insan haqlarının təmin olunmamağında Moskvanı da günahlandırıb. “Rusiyadakı avtoritar rejim MDB-də avtoritar rejimlər ittifaqı yaradıb və bütün demokratik dəyərli standartları məhv edirlər”, – deyə o qeyd edib.

Habelə Müsavat başqanı Azərbaycan hüquq müdafiəçilərini Wikileaks

saytının sahibi Culian Assancın hüquqlarının müdafiəsinə çağırıb. “Culian Assancı da Azərbaycanın “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin gününə salırlarsa, buna nə ad vermək olar. İnsan hüquqları qurumları onun müdafiəsini təşkil etməlidir” – deyə o qeyd edib.

 Fotolar: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,681/lang,az/

 

Previous Post

JURNALİSTLƏR YASAMAL RAYON MƏHKƏMƏSİ QARŞISINDA AKSİYA KEÇİRƏCƏKLƏR

Next Post

EYNULLA FƏTULLAYEV İŞGƏNCƏYƏ MƏRUZ QALMASI İLƏ BAĞLI MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.