MƏHKƏMƏ HÜQUQ MÜDAFİƏÇİSİNİN İDDİASINI TƏMİN ETMƏDİ

Bu gün (21 fevral) Yasamal rayon Məhkəməsinin hakimi  Fuad Talışınski hüquq müdafiəçisi Rəsul Cəfərovun “Azərekspresspoçt” Rabitə Müəssisəsinə qarşı iddiası üzrə qərar çıxarıb.

   Qərara əsasən, iddia təmin edilməyib və faktiki olaraq Rabitə Müəssisəsi tərəfindən sənədlərin itirilməsi tanınmayıb. Digər cavabdeh “Türk Hava Yolları”-nın qarşılıqlı iddiası təmin edilib, qərara əsasən Cəfərov bu şirkətə vəkil xərclərinə görə 100 manat ödəməlidir. Qeyd edək ki, “Türk Hava Yolları” iddiaçı tərəfin vəsatətindən sonra işə cavabdeh kimi cəlb olunub. Belə ki, “Azərekspresspoçt” Rabitə Müəssisəsi iddiaçının müraciətlərinə cavab olaraq göndərdiyi 3 məktubda sənədlərin məhz  “Türk Hava Yolları”  şirkətinin təqsirindən itdiyini vurğulamışdı.

Hüquq müdafiəçisinin RATİ-yə verdiyi məlumata görə, bu qərardan apellyasiya şikayəti veriləcək. “Qərar tamamilə əsassızdır, belə ki, bizim maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tələblərdən başqa sənədlərin itirilməsinin qanunsuz hesab edilməsi tələbi var idi. Əslində bizə bu sənədlərin itirilməsinin qanunsuz hesab edilməsi kifayət idi. Hətta qarşı tərəf həm bizə göndərdiyi məktublarda, həm də məhkəmə çıxışlarında sənədlərin itirilməsini etiraf ediblər. Lakin məhkəmə absurd bir qərar qəbul edib” -deyə Cəfərov vurğulayıb.

          Xatırladaq ki,  Cəfərov Beynəlxalq Ədalət Körpüsü  təşkilatının 2010-cu il qalibi kimi hüquq müdafiəçiləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak edəcəyi tədbirə sənədlərin poçt tərəfindən itirilməsi nəticəsində qatıla bilməyib. 2010-cu ilin avqust ayında Sinqapurda təşkil edilən tədbirlərə qatılmaq üçün hüquq müdafiəçisi viza almaq məqsədilə müvafiq sənədləri bu ölkənin Cenevrədə yerləşən səfirliyinə göndərib. Lakin “Azərekspresspoçt” Rabitə Müəssisəsi vasitəsilə göndərilən sənədlər itib.

 

Previous Post

XULİQANLIQDA İTTİHAM OLUNAN MÜXBİRİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.