Bu gün (21 fevral) Yasamal rayon Məhkəməsinin hakimi Fuad Talışınski hüquq müdafiəçisi Rəsul Cəfərovun “Azərekspresspoçt” Rabitə Müəssisəsinə qarşı iddiası üzrə qərar çıxarıb.
Hüquq müdafiəçisinin RATİ-yə verdiyi məlumata görə, bu qərardan apellyasiya şikayəti veriləcək. “Qərar tamamilə əsassızdır, belə ki, bizim maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tələblərdən başqa sənədlərin itirilməsinin qanunsuz hesab edilməsi tələbi var idi. Əslində bizə bu sənədlərin itirilməsinin qanunsuz hesab edilməsi kifayət idi. Hətta qarşı tərəf həm bizə göndərdiyi məktublarda, həm də məhkəmə çıxışlarında sənədlərin itirilməsini etiraf ediblər. Lakin məhkəmə absurd bir qərar qəbul edib” -deyə Cəfərov vurğulayıb.
Xatırladaq ki, Cəfərov Beynəlxalq Ədalət Körpüsü təşkilatının 2010-cu il qalibi kimi hüquq müdafiəçiləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak edəcəyi tədbirə sənədlərin poçt tərəfindən itirilməsi nəticəsində qatıla bilməyib. 2010-cu ilin avqust ayında Sinqapurda təşkil edilən tədbirlərə qatılmaq üçün hüquq müdafiəçisi viza almaq məqsədilə müvafiq sənədləri bu ölkənin Cenevrədə yerləşən səfirliyinə göndərib. Lakin “Azərekspresspoçt” Rabitə Müəssisəsi vasitəsilə göndərilən sənədlər itib.