BƏXTİYAR HACIYEVİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Martın 9-da Gəncə Apellyasiya Məhkəməsi gənc fəal Bəxtiyar Hacıyevin Gəncə  şəhər Nizami rayon Məhkəməsinin 4 mart 2011-ci il tarixdə barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya  şikayətinə baxıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) gənc fəalın vəkili Əlayif Həsənov məlumat verib.

Onun sözlərinə görə prosesdə dövlət ittihamçısının nümayəndəsi Tofiq Mirzəyev, eləcə də Bəxtiyar Hacıyevin özü də iştirak edib. Vəkil Əlayif  Həsənov məhkəmənin  şikayəti  təmin etmədiyini və bu qərarın əvvəlcədən planlaşdırılmış bir məsələ olduğunu qeyd etdi. O, həmçinin bu qərardan Avropa Məhkəməsinə şikayət veriləcəyini dedi.

Xatırladaq  ki, 2010-cu ilin noyabrında keçirilmiş parlament seçkisində 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuş Bəxtiyar Hacıyev seçkidən bir neçə gün sonra, noyabrın 17-də təhsilini davam etdirmək üçün  Gürcüstana getmək istəyərkən Qazax rayonunun Qırmızı Körpü sərhəd-keçid məntəqəsində saxlanmışdı. O zaman Konstitusiya Məhkəməsi seçkinin nəticələrini hələlik təsdiq etmədiyindən deputatlığa namizəd statusunda olan Bəxtiyar Hacıyev bir gün sonra azad edilmişdi. Hazırda isə ona qarşı Cinayət Məcəlləsinin  321-cü (hərbi xidmətdən boyun qaçırma)  maddəsi ilə cinayət işi açılıb. Hüquq müdafiəçilərinin fikrinə görəsə Bəxtiyar Hacıyevin sosial şəbəkələrdəki fəallığına və xüsusilə bir qrup gəncin başladığı “11 mart boyuk xalq günü” kampaniyasına texniki dəstək verdiyi üçün həbs edilib.

 

Previous Post

NEMƏT PƏNAHLININ APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

VƏKİLİNƏ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞ VERİLMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.