VƏKİLİNƏ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞ VERİLMƏYİB

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru,   Eynulla Fətullayev vəkili Anar Qasımova  jurnalistlə görüşməyə icazə verilməyib. Bu barədə martın 10-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna  vəkil  Anar Qasımov məlumat verib.

 Vəkilin sözlərinə görə, dünən saat 16.15-də Fətullayevin köçürüldüyü 1 saylı cəzaçəkmə müəssisəsinə gedib:

“Görüş üçün müraciətdən sonra sənədlərimə baxıb, mənə görüş üçün vaxtın bitdiyini dedilər. Onlara bildirdim ki, saat  16:15-də iş vaxtı bitmir və müəssisənin rəisi Qəhrəman Bağırovla görüşmək istədiyimi dedim. Qəhrəman Bağırov da müəssisə əməkdaşlarının dediklərindən fərqli heç nə demədi və görüşə imkan yaratmadı. Düşünürəm ki, buna səbəb  martın 7-də bizim Fətullayevin Bakı İstintaq Təcridxanasından gizli şəkildə köçürülməsi, təzyiqlərə məruz qalması ilə bağlı keçirdiyimiz  mətbuat konfransı ilə  bağlıdır”, – deyə vəkil bildirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr  şöbəsinin rəisi Mehman Sadıqov bu gün RATİ-yə açıqlamasında martın 2-də Eynulla Fətullayevin  Bakı İstintaq Təcridxanasından 1 saylı Cəzaçəkmə Müəsissəsinə köçürülərkən naməlum şəxslər tərəfindən fiziki təzyiqə məruz qalmasını əsassız adlandırdı və belə bir halın baş vermədiyini bildirdi.

Qeyd edək ki, martın 2-də axşam saat 17.00 radələrində “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist  Eynulla Fətullayev  Bakı İstintaq Təcridxanasından 1 saylı Cəzaçəkmə Müəsissəsinə köçürülərkən,  naməlum istiqamətə  aparılıb. Təxminən 2-3 saat gəzdirildikdən sonra aparıldığı məhbus daşıyan qapalı avtomobil saxlanılıb və avtomobilə hərbi geyimli, maskalı idman cüssəli iki şəxs minib. Onlardan kimliklərini soruşanda isə jurnalisti üzü üstə yerə yıxıblar, hətta biri ayağı ilə Eynullanın boynundan sıxıb və rus dilində  həqarətli sözlər deyiblər. Hazırda Eynulla Fətullayev  həyatına real təhlükə olduğunu əsas gətirərək, öz xahişi ilə karserdə saxlanılır.

 

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov RATİ-yə bildirdi ki, məlum hadisə ilə əlaqədar olaraq, dünən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyevə rəsmi  müraciət edərək, Eynulla Fətullayevin təzyiqlə üzləşməsi ilə bağlı məsələnin ətraflı araşdırılmasını xahiş edib.

Xatırladaq ki,  Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

            Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.

 

Previous Post

BƏXTİYAR HACIYEVİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

VƏKİLLƏRİ JURNALİSTİN HƏYATININ TƏHLÜKƏ OLDUĞUNA GÖRƏ NÖVBƏTİ DƏFƏ XƏBƏRDARLIQLARINI ETDİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.