Bu gün Nəsimi Rayon Məhkəməsinin hakimi Məmməd Məmmədovun sədrliyi ilə "Bizim yol" qəzetinin əməkdaşı Natiq Ədilovun Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadəyə qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirildi.
Bu günkü prosesdə tərəflər son çıxışlarını etdilər. İddiaçı N.Ədilov öz çıxışında bildirdi ki, mən məhkəmədən iddiamın təmin olunmasını xahiş edirəm. Hesab edirəm ki, TQDK mənim göndərdiyim sorğunu cavablandırmalıdır. İddiaçının vəkili Nurlana Əliyeva da çıxışında N. Ədilovla tamamilə razı olduğunu bildirərək əlavə etdi ki, məhkəmədən TQDK-nın sorğunu cavablandırması və qanunvericiliyin tələblərini pozan M.Abbaszadə haqqında xüsusi qərardadın çıxarılmasını xahiş edirəm. Cavabdehin vəkili Nərminə Bayramova öz çıxışında bildirdi ki, “biz fərdi məlumatları yaya bilmərik. Bu təkcə TQDK-nın 16 illik fəaliyyəti dövründə qazanılan təcrübə deyil. Bu təcrübədən bütün dünya istifadə edir. Gəlin bu sahədə yenilik etməyək “. Daha sonra hakim müşavirəyə getdi. Müşavirədən qayıdan hakim qərarı oxudu. İddiaçının şikayəti təmin olunmadı.
Xatırladaq ki, jurnalist 29 noyabr 2007-ci il tarixində TQDK ya populyar müğənni Röyalə Nəcəfovanın (Röya Ayxanın) Bakı Dövlət Universitetinə hansı yolla daxil olması barədə sorğu göndərib, lakin həmin sorğu cavablandırılmamışdır. İddia ərizəsində xahiş edilir ki, məhkəmə Məleykə Abbaszadənin 30 noyabr 2007-ci il tarixli informasiya sorğusunda göstərilən sualları ətraflı və doğru-dürüst cavablandırmağa məcbur edən qətnamə qəbul edilsin və Mülki Prossesual Məcəllənin 265.1-ci maddəsinə uyğun olaraq müvafiq qanunvericiliyin tələblərini kobud şəkildə pozan şəxs barəsində xüsusi qərardad çıxarasın.
N.Ədilov RATİ-yə bildirdi ki, qərardan Apellyasiya şikayəti verəcək.