JURNALİSTİN TƏZYİQƏ MƏRUZ QALMAĞI BEYNƏLXALQ TƏŞKİLATLARI CİDDİ NARAHAT EDİB

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi “Azadlıq” qəzetinin şərhçisi Seymur Həziyevin oğurlanmasını və döyülməsini pisləyən bəyanat yayıb. RATİ-yə daxil olan bəyanatda qeyd edilir ki, hadisə dəqiqliklə araşdırılmalı və təqsirkar şəxslər cəzalandırılmalıdırlar. Xatırladılır ki, müxtəlif vaxtlarda “Azadlıq” qəzetinin əməkdaşlarına qarşı təzyiqlər baş verib.

“Mediaforum”  xəbər saytının məlumatına görə, Beynəlxalq Mətbuat İnstitutu da jurnalistin oğurlanaraq döyülməsini pisləyib.  Beynəlxalq Mətbuat İnstitutunun direktoru Alizon Makkenzi baş verən hadisədən ciddi narahat olduqlarını bildirərək deyib: “Biz dövlət orqanlarından təcili və şəffaf təhqiqat aparmağı və səbəbkarları məsuliyyətə cəlb etməyi tələb edirik. Azərbaycan dünyanı mətbuat azadlığına dəstək verdiyinə inandırmağa çalışdığı bir vaxtda belə bir hadisənin cəzasız qalması bu işə ciddi xələl gətirə bilər. Bundan əlavə, hökumət müəyyən tədbir və bəyanatlar vasitəsilə ciddi şəkildə ifadə etməlidir ki, ölkə rəhbərliyi jurnalistlərə qarşı hücumlara göz yummayacaq”.

Belə ki, dünən ATƏT nümayəndələri də “Azadlıq” qəzetinə gedərək Seymur Həziyevin işi ilə maraqlanıblar. Qurumun Bakı ofisinin Demokratikləşmə Şöbəsinin rəhbəri Jaklin Karpenter jurnalistlə baş verənlər barədə  müzakirələr aparıb.

Eyni zamanda ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç martın 28-də yaydığı bəyanatında  “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həziyevə qarşı təzyiqləri “qəbuledilməz” adlandıraraq, Azərbaycan hökuməti jurnalistlərə qarşı zorakılıqlara son qoymağa çağırıb.

Xatırladaq ki, martın 25-dən 26-a  keçən gecə  saat 00.30 radələrində “Azadlıq” qəzetinin müxbiri Seymur Həziyevin yaşadığı Abşeron rayonunun  Ceyranbatan qəsəbəsinin girişindən başına torba keçirilərək oğurlanılıb və naməlum ünvana aparılaraq işgəncəyə məruz qoyulduqdan sonra Binəqədi rayonu ərazisində  küçəyə atılıb.

Previous Post

TƏRƏFLƏRİN PROSESDƏ İŞTİRAK ETMƏDİYİNƏ GÖRƏ EYNULLA FƏTULLAYEVİN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Next Post

SÖZ VƏ MƏTBUAT AZADLIĞINA DAİR FORUM KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.