TƏRƏFLƏRİN PROSESDƏ İŞTİRAK ETMƏDİYİNƏ GÖRƏ EYNULLA FƏTULLAYEVİN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Martın 29-da Səbail rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə  “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayevin  Baş Prokuror  Zakir Qaralova qarşı “Təqsirsizlik prezumpsiyası hüququnun pozulması iddiası üzrə məhkəmə prosesi keçirilməli idi.

Prosesdə tərəflər iştirak etmədiyindən hakim prosesi 7 aprel saat 11:00-a təyin edib.

Eynulla Fətullayevin vəkili Anar Qasımov “Media forum”  xəbər saytına bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin məhkəmədə iştirakı təmin edilmədiyinə görə vəkillər prosesdə iştirak etməyiblər. “Bu mülki işdir. Eynulla ayrı-ayrı işləri üzrə hüquqlarını müdafiə etdiyi vəkillərdən heç birinə hələlik bu iş üzrə etibarnamə verməyib. Eynullanın məhkəmə prosesinə gətirilməsi zamanı o, vəkillərdən hansınasa etibarnamə verə bilər və həmin vəkil də prosesə çıxar”, – deyə Qasımov əlavə edib.

             Qeyd edək ki, Fətullayevin iddia qaldırmasına səbəb həm Avropa İnsan Hüquqları Məhkəməsinin, həm də Ali Məhkəmə Plenumunun qanuni qüvvəyə minmiş qərarları ilə  jurnalistin barəsində qondarma terrorçuluq ittihamı ilə istintaq aparıldığı dövrdə baş prokuror Zakir Qaralov mətbuata verdiyi açıqlamasında jurnalistin təqsirsizlik prezumpsiyası hüququnu pozması və jurnalistin ictimai rəydə əvvəlcədən təqsirli olmağına  dair mütləq fikir yaratmasıdır. Fətullayev isə bununla bağlı məhkəmə müraciət edib və  üzr istənilməsini tələb edir.

Xatırladaq ki,  Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

 Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.

 

Previous Post

BAŞ PROKURORLUQ BƏXTİYAR HACIYEVİN FİZİKİ HÜCUMA MƏRUZ QALMASI İLƏ BAĞLI CİNAYƏT İŞİ AÇMAQDAN İMTİNA

Next Post

JURNALİSTİN TƏZYİQƏ MƏRUZ QALMAĞI BEYNƏLXALQ TƏŞKİLATLARI CİDDİ NARAHAT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.