Aprelin 15-də Sumqayıt şəhər məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi ilə AXCP Gənclər təşkilatının üzvü Cabbar Savalanlının barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılan cinayət işi üzrə keçirilməli olan məhkəmənin hazırlıq iclası təxirə salınıb.
Vəkil Anar Qasımovun RATİ-yə verdiyi məlumata görə, prosesin təxirə salınmasına səbəb müdafiə etdiyi şəxsə ittiham aktının gec çatması olub. Vəkilin sözlərinə görə ittiham olunan şəxsə ittiham aktı qanunvericilik baxımından 1 həftə əvvəl verilməlidir .Buna görə də məhkəmənin hazırlıq iclası aprelin 22-nə saat 12:00-dək təxirə salınıb.
Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.