Dəyirmi masa “Freedom House” təşkilatının dünyada internet azadlığına dair hesabatının Azərbaycan hissəsinə münasibət üstündə qurulub.
Media Hüququ İnstitutunun əməkdaşı Xalid Ağəliyev 2008-10-cu illərdə Azərbaycanda internetin inkişaf etdiyini desə də, dünya ölkələri ilə müqayisədə bunun əhəmiyyətli inkişaf olmadığını deyib.
Rabitə nazirliyinin əməkdaşı Zakir Qasımov isə hesabatda göstərilən faktları əsassız adlandırıb. Onun sözlərinə görə, hesabatda göstərilən rəqəmlər köhnəlib.
Hüquqşünas Ələsgər Məmmədli interneti özünü ifadə azadlığı platforması sayıb və KİV-lərə şamil edilən informasiya yayımına görə məsuliyyətin həm də internetə aid olduğunu xatırladıb.
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı internet üzərindən fikirləri açıqlamağa görə təqiblərə diqqət çəkib və bu məsələdə Elnur Məcidli barəsində başlanan cinayət işinə toxunub. Bu adamın dövlət əleyhinə zorakı çağırışlara görə məsuliyyətə cəlb edildiyini deyən Rəşid Hacılı hələ də həmin zorakı çağırışı sübut edən dəlillərin ortada olmadığını bildirib.