“İNTERNET AZADLIĞI VƏ TƏHLÜKƏSİZLİYİ” MÜZAKIRƏ EDİLİB

Azərbaycan Media Mərkəzi və İREX  aprelin 27-də  “İnternet azadlığı və təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirib.

Dəyirmi masa “Freedom House” təşkilatının dünyada internet azadlığına dair  hesabatının Azərbaycan hissəsinə münasibət üstündə qurulub.

Dəyirmi masada iştirak edən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və rəsmi qurum təmsilçisi məsələyə münasibət ifadə ediblər. Belə ki, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri hesabatda əksini tapan müddəaların həqiqət olduğunu vurğulasalar da,  rabitə və informasiya texnologiyaları nazirliyinin əməkdaşı hesabatı və hesabatdakı göstəriciləri şübhə altına alıb.

Media Hüququ İnstitutunun əməkdaşı Xalid Ağəliyev 2008-10-cu illərdə Azərbaycanda internetin inkişaf etdiyini desə də,  dünya ölkələri ilə müqayisədə bunun əhəmiyyətli inkişaf olmadığını deyib.

Rabitə nazirliyinin əməkdaşı Zakir Qasımov isə hesabatda göstərilən faktları əsassız adlandırıb. Onun sözlərinə görə, hesabatda göstərilən rəqəmlər köhnəlib.

Hüquqşünas  Ələsgər Məmmədli interneti özünü ifadə azadlığı platforması sayıb və KİV-lərə şamil edilən informasiya yayımına görə məsuliyyətin həm də internetə aid olduğunu xatırladıb.

Media Hüququ İnstitutunun  direktoru Rəşid Hacılı internet üzərindən fikirləri açıqlamağa görə təqiblərə diqqət çəkib və bu məsələdə Elnur Məcidli barəsində başlanan cinayət işinə toxunub. Bu adamın dövlət əleyhinə zorakı çağırışlara görə məsuliyyətə cəlb edildiyini deyən Rəşid Hacılı hələ də həmin zorakı çağırışı sübut edən dəlillərin ortada olmadığını bildirib.

 

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 27 04 2011

Next Post

MİTİNQDƏ HƏBS EDİLƏN HÜQUQ MÜDAFİƏÇİSİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.