Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan Hökumətinə 2006-2009-cu illərdə həbsdə olmuş satirik yazar, tanınmış jurnalist Mirzə Sakitin (Zahidov) şikayəti ilə bağlı suallar ünvanlayıb. Bu barədə bu gün (4 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) M. Sakitin özü məlumat verib.
Qeyd edək ki, Avropa Məhkəməsi Azərbaycan hökumətinin qarşısında aşağıdakı sualları qoyub:
Ərizəçiyə qarşı irəli sürülmüş ittiham üzrə Avropa Konvensiyanın 6-cı maddəsinə uyğun olaraq ədalətli məhkəmə araşdırması keçirilibmi? Konkret olaraq:
Tutulma zamanı ərizəçi vəkillə təmin olunubmu? Əgər təmin olunubsa, ərizəçinin üzərində axtarış aparılan zaman vəkil iştirak edibmi? Şəxsi axtarış ölkədaxili qanunvericiliyə uyğun keçirilibmi?
Ərizəçi üzərində şəxsi axtarış zamanı narkotik maddə polis bölməsində aşkarlandığı halda onun tutulması və şübhəli şəxs qismində saxlanılması hansı səbəblərlə bağlı olub?
Ərizəçinin narkotik istifadəçisi olması ilə bağlı tibbi ekspertiza keçirilibmi, keçirilibsə, hansı formada?
Ərizəçinin üzərində axtarışı əks etdirən video-görüntünün məhkəmə prosesi zamanı qiymətləndirilməməyi tərəflərin bərabərlik prinsipini pozubmu?
Məhkəmə ərizəçiyə qarşı cinayət işi üzrə bütün sənədlərin sürətlərini hökumətdən tələb edibmi? (stenoqramları, ekspert rəyləri, axtarışın protokolu və digər sənədləri).
Xatırladaq ki, Sakit Zahidov 2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək üç il müddətinə azadlıqdan məhrum edilmiş və 2009-cu ilin mart ayında Amnistiya Aktı ilə azadlığa buraxılmışdır.