Gənc fəallar-Bəxtiyar Hacıyev və AXCP Gənclər təşkilatının üzvü Cabbar Savalanlının vəkillərinə təzyiqlər edilir. Bu barədə bu gün (9 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Bəxtiyar Hacıyevin vəkili Əlayif Həsənov və Cabbar Savalanlının vəkili Anar Qasımov məlumat veriblər.
“Həyat yoldaşım Mənzər Aslanova 15 idir ki, Zərdab rayonunun mərkəzi xəstəxanasında sahə həkimi işləyirdi. Bir müddət əvvəl onun standart aldığı maaşı yarıya qədər azaltdılar, daha sonra isə Mənzər xanımı heç bir əsas olmadan işdən çıxardılar. Eyni zamanda qeyd edim ki, oğlumu da təhsil aldığı müəssisədən əsassız olaraq uzaqlaşdırıblar. Bütün bunların peşə fəaliyyətimlə əlaqədar olduğunu düşünürəm”, -deyə vəkil bildirdi.
Məsələyə münasibət bildirməsi üçün gün ərzində Mənzər Aslanovanın çalışdığı Zərdab rayon Mərkəzi Xəstəxanasının 0135 649 60 40 nömrəli telefonuna zəng edib, baş həkim Ruslan Nemətovla əlaqə saxlamağa çalışsaq da, telefona cavab verən şəxs baş həkimin 9 mayla bağlı tədbirə qatıldığını deyərək, onun xəstəxanada olmadığını bildirdi.
Digər gənc fəal C. Savalanlının vəkili Anar Qasımov isə RATİ-yə bildirdi ki, mayın 4-də gənc fəalın məhkəmə qərarından sonra məhkəmənin həyətində yaranan qarşıdurma zamanı Sumqayıt polis idarəsinin rəis müavini, cinayət-axtarış şöbəsinin rəisi Azər Cahangirov tərəfindən hədəyə məruz qalıb:
“Cabbar Savalanın həbsinə qərar verildikdən sonra, gənclərlə polislərin qarşıdurması zamanı Azər Cahangirov orada olan jurnalistlərin gözü qarşısında, bütün bu olanlarda məni günahlandırdı. Mənə bildirdi ki, “Bunları sən təşkil etmisən, sən dövlətçilik əleyhinə işləyirsən, barəndə kompromatlarımız da hazırdır”. Bu məsələ ilə bağlı artıq Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və Vəkillər Kollegiyasına artıq müraciət göndərmişəm və məsələyə münasibət bildirilməsini xahiş etmişəm”,-deyə Qasımov əlavə edib.
Xatırladaq ki, Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.
Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib. Hüquq mühafizə təşkilatları hesab edirlər ki, 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.
Qeyd edək ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.