Prezident İlham Əliyevi Fətullayevi azad etməyə çağırıb-çağırmaması ilə bağlı suala Miyatoviç müsbət cavab verib. Bundan əlavə, o, prezidentlə görüş zamanı məhkum olunmuş gənc bloggerlərin, əsasən bu günlərdə həbs olunmuş Cabbar Savalanlının məsələsini qaldırıb.
Əliyevlə görüşün “müsbət atmosferdə” keçdiyini qeyd edən Miyatoviç Fətullayevlə Savalanın tezliklə azad olunacağına ümid etdiyini bildirib.
Habelə o, hakimiyyəti “Azadlıq” qəzetinin əməkdaşları – Seymur Həziyev və Ramin Dekonun oğurlanması və döyülməsi ilə bağlı hadisəni araşdırmağa, həmçinin Elmar Hüseynovun qətlinin sifarişçilərini və icraçılarını tapıb cəzalandırmağa çağırıb.
Miyatoviçin fikrincə, hökumət, ictimaiyyət və vətəndaşlar jurnalistlərə fiziki hücumlara yol verməməlidirlər.
Bundan əlavə, Miyatoviç Azərbaycan hakimiyyətini Milli Televiziya və Radio Şurasında islahatlar aparmağa, onun müstəqilliyini təmin etməyə çağırıb. Yalnız belə olan halda teleradioda plüralizmi təmin etmək olar. Şura yayım üçün lisenziyaların verilməsinin şəffaflığını təmin etməlidir.
Miyatoviç “Amerikanın səsi”, “Azadlıq”, BBC radiostansiyalarının yerli tezliklərdə yayımının dayandırılması ilə bağlı suallarına hakimiyyətin cavablarının onu qane etmədiyini bildirib.