DUNYA MİYATOVİÇ AZƏRBAYCANI ÜMİDLƏRLƏ TƏRK ETDİ

    ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycanda media azadlığı probleminin tezliklə həllini tapacağına inanır. O, bu barədə  mayın 9-dan 13-ə qədər davam edən  Bakı səfərinin yekunlarına dair keçirdiyi  mətbuat konfransında bildirib.

 Miyatoviç diffamasiyanın dekriminallaşdırılması məsələsinin hökumətlə müzakirəsini yaxşılığa doğru dəyişiklik adlandırıb. O həbsxanada jurnalist Eynulla Fətullayevə baş çəkdiyini bildirib. Onun “yüksək ruhda” olması qonağı sevindirib. Koloniya rəhbərliyi bildirib ki, Fətullayevin təhlükəsizliyini təmin edəcək.

            Prezident İlham Əliyevi Fətullayevi  azad etməyə çağırıb-çağırmaması ilə bağlı suala Miyatoviç müsbət cavab verib. Bundan əlavə, o, prezidentlə  görüş zamanı məhkum olunmuş gənc bloggerlərin, əsasən bu günlərdə həbs olunmuş Cabbar Savalanlının məsələsini qaldırıb.

            Əliyevlə görüşün “müsbət atmosferdə” keçdiyini qeyd edən Miyatoviç Fətullayevlə Savalanın tezliklə azad olunacağına ümid etdiyini bildirib.

            Habelə o, hakimiyyəti “Azadlıq” qəzetinin əməkdaşları – Seymur Həziyev və Ramin Dekonun  oğurlanması və döyülməsi ilə bağlı hadisəni araşdırmağa, həmçinin Elmar Hüseynovun qətlinin sifarişçilərini və icraçılarını tapıb cəzalandırmağa çağırıb.

              Miyatoviçin fikrincə, hökumət, ictimaiyyət və vətəndaşlar jurnalistlərə fiziki hücumlara yol verməməlidirlər.

             Bundan əlavə, Miyatoviç Azərbaycan hakimiyyətini Milli Televiziya  və Radio Şurasında islahatlar aparmağa, onun müstəqilliyini təmin etməyə çağırıb. Yalnız belə olan halda teleradioda plüralizmi təmin etmək olar. Şura yayım üçün lisenziyaların verilməsinin şəffaflığını təmin etməlidir.

              Miyatoviç “Amerikanın səsi”, “Azadlıq”, BBC radiostansiyalarının yerli tezliklərdə yayımının dayandırılması ilə bağlı suallarına hakimiyyətin cavablarının onu qane etmədiyini bildirib.

Previous Post

FOTOQRAF ABBAS ATİLAY İLƏ MÜSAHİBƏ.

Next Post

Avropa Parlamentİ GƏNC FƏALLARIN VƏ EYNULLA FƏTULLAYEVİN AZAD EDİLMƏSİ ÜÇÜN ÇAĞIRIŞ ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.