Bu gün (17 iyun) Ali Məhkəmədə hakim Əli Rüstəmovun sədrliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin və “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının 7 fevral 2011-ci il tarixli qarşılıqlı apellyasiya şikayətindən verilən kassasiya şikayəti üzrə qərar qəbul olunub.
Vəkilin sözlərinə görə, hakim Bakı Apellyasiya Məhkəməsinin 7 fevral 2011-ci il tarixində çıxardığı qərarın qüvvədə saxlanıldığını elan edib.
Xatırladaq ki, Vüqar Səfərli Əvəz Zeynallının müəllifi olduğu və “Xural” qəzetinin 25-31 iyul 2010-cu il tarixli sayında dərc olunmuş “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” başlıqlı yazıda barəsində “mətbu qəssab” ifadəsinin işlədilməsini şərəf və ləyaqətinin təhqir olunması kimi dəyərləndirərək, cavabdehin təkzib verilərək üzr istənilməsi və qəzetin 10.000 manat təzminat ödəməsi barədə iddia qaldırıb. 7 fevral 2011-ci il tarixində Apellyasiya Məhkəməsi Səfərlinin iddiasını qismən təmin edərək Zeynallının üzür istəyərək təkzib verməsi və 5 min manat həcmində cərimələnməsi barədə qərar verib.