Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Naxçıvan Muxtar Respublikasında jurnalistlərə qarşı davam edən təzyiq və təqiblərin son günlər daha da sərtləşməsi, RATİ-nin bölgə müxbiri Həkimeldostu Mehdiyevə qarşı qondarma ittihamla cinayət işinin başlanmağı, o cümlədən ona və Naxçıvanda fəaliyyət göstərən digər jurnalistlər – Elman Abbasov və Məlahət Nəsibovaya qarşı sosial şəbəkələrdə qarayaxma kampaniyası aparılmağını qətiyyətlə pisləyir.
RATİ qeyd edir ki, buna qədər də Naxçıvan Muxtar Respublikası jurnalistlərin sərbəst fəaliyyəti üçün üçün ən kritik bölgə olub və burada çoxsaylı jurnalist təzyiqlə üzləşib və ya bölgədən qaçmağa məcbur edilib. Son olay isə Almaniyanın tanınmış qəzeti “Frankfurter Allgemeine Zeitung”-in Moskva bürosunun müxbiri, siyasi şərhçi Mixail Ludviqin bir müddət bundan Naxçıvana səfəri və daha sonra yerli hakimiyyətin təzyiqi ilə onun Muxtar Respublikanı tərk etməyindən sonra başlanıb. Əcnəbi jurnalistin H.Mehdiyevin müşayiəti ilə Sədərək rayonuna getməsi yerli hakimiyyətin xoşuna gəlməyib və onu cəzalandırmaq barədə əməliyyata başlayıblar. Habelə buna qədər “Facebook” sosial şəbəkəsində həm Elman Abbasov, həm də Həkimeldostu Mehdiyevin adına saxta profillər yaradılaraq hər iki jurnalist təhqir olunur.
RATİ bu kimi neqativ halların nə Naxçıvan Muxtar Respublikası rəhbərliyinə, nə də bütövlükdə Azərbaycan hökumətinə baş ucalığı gətirmədiyini və ölkənin onsuz da yaxşı olmayan beynəlxalq imicinə daha bir zərbə vurduğunu xatırladır.
RATİ bir daha Naxçıvan Muxtar Respublikası hakimiyyətini jurnalistlərin təqibinə son qoymağa, Həkimeldostu Mehdiyevə qarşı başlanmış qondarma cinayət işinə xitam verməyə və onun mənzilinin elektrik enerjisi ilə təmin etməyə çağırır. Habelə RATİ Azərbaycan Respublikası Prezidentinə üzünü tutaraq onu Naxçıvandakı son olaylara təcili reaksiya verməyə və jurnalistlərə təzyiq edən, onları qurama işlərlə təqib edən və təhqir edən şəxsləri cəzalandırmaq üçün müvafiq qurumlara göstəriş verməyə çağırır.