HÖKUMƏT JURNALİSTLƏRƏ TƏZYİQƏ GÖZ YUMUR

Azərbaycan hökuməti 8 jurnalistə barışıq üçün 40 min avro təklif etsə də, jurnalistlərə qarşı olan pozuntunu tanımaqdan imtina edir. Bunu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov bu gün (4 avqust)  keçirilən dəyirmi masada deyib.

Dəyirmi masa 2007-ci ildə toplaşma azadlığı hüququnun pozulması ilə bağlı 8 jurnalistin Azərbaycan hökumətinə qarşı iddiasına Avropa İnsan Hüquqları Məhkəməsində baxılmasına həsr olunub.

 

 Bu günlərdə Azərbaycan hökuməti məsələnin məhkəmədən əvvəl yoluna qoyulması məqsədilə jurnalistlərə kompensasiya ödəməyə hazır olduğunu bildirib. Emin Hüseynovun fikrincə, Avropa Məhkəməsinin bu iş üzrə qərarı sərbəst toplaşmaq hüququ sahəsində Avropa Məhkəməsinin Azərbaycanla bağlı ilk qərarı ola bilər. Məqsəd toplaşma azadlığının növbəti dəfə pozulması faktının Avropa Məhkəməsində təsdiqlənməsinin qarşısını almaqdır. “Bu, barışıq deyil. Çünki hökumət pozuntuları tanımaq istəmir və jurnalistləri döyən polisləri cəzalandırmayıb”, – deyə E.Hüseynov vurğulayıb.

 

İddiaçılardan biri, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev məhkəmə prosesinin keçirilməsinə tərəfdardır. “Pul əsas məsələ deyil. Ölkədə durum demək olar ki, o dövrdən indiyədək get-gedə kəskinləşir. İnsanların sərbəst toplaşmaq hüququ pozulmaqda davam edir”, – deyə  o bildirib. Onun sözlərinə görə, Azərbaycanda vətəndaşların konstitusiya ilə təminat verilən mitinq, piket keçirmək və digər şəkildə kütləvi etiraz bildirmək hüququ demək olar ki, qadağan edilib. Belə icazəsiz aksiyaların iştirakçıları polis, məhkəmə və digər təzyiqlərə məruz qalır.

 

Digər iki iddiaçı – “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov və müstəqil icmalçı Şahvələd Çobanoğlu da analoji mövqedədir. “Şikayətçilərdən heç olmasa biri hökumətlə razılaşmasa, iş üzrə məhkəmə iclası keçiriləcək və çox güman ki, şikayət təmin ediləcək”, – deyə  M.Əliyev bildirib.

 

 Digər 5 iddiaçı – “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və qəzetin dörd əməkdaşı Azər Ayxan, Etibar Seyidağa, Elşad Məmmədli, Zabil Müqabiloğlu tədbirdə iştirak etməyiblər. Xatırladaq ki, jurnalistlər iddia ərizəsində Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin pozulduğunu bildirərək onlara vurulan mənəvi ziyana görə hər birinə 5 min avro verilməsini tələb edirlər.

 

 

Previous Post

RATİ-NİN NAXÇIVANDAKI MÜXBİRİNƏ QARŞI CİNAYƏT İŞİ AÇILDI

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.