REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Naxçıvan Muxtar Respublikasında jurnalistlərə qarşı davam edən təzyiq və təqiblərin son günlər daha da sərtləşməsi,  RATİ-nin bölgə müxbiri Həkimeldostu Mehdiyevə qarşı qondarma ittihamla cinayət işinin başlanmağı, o cümlədən ona və Naxçıvanda fəaliyyət göstərən digər jurnalistlər – Elman Abbasov və Məlahət Nəsibovaya qarşı sosial şəbəkələrdə qarayaxma kampaniyası aparılmağını qətiyyətlə pisləyir.

Belə  ki, iyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və onun kiçik avtoyuma sexinə gələn elektrik xəttini  kəsdirib. İyulun 15-də  məsələ ilə bağlı yenidən onun üzərinə hücum edilib. Evinə və sexə gedən elektrik xətləri elektrik dirəkləri ilə birlikdə çıxarılaraq müsadirə olunub. Həmin gündən bu günə qədər jurnalistin evinə elektrik enerjisinin verilməsi dayandırılıb və o qaranlıqda qalıb. Habelə yerli hakimiyyət jurnalistin şəxsi mülkiyyətinə aid olan  yardımçı tikililərini, qarajını sökülməyə, yuyucu aparatın isə müsadirə etməyə cəhd ediblər. Məsələni araşdırmaq üçün jurnalistlər Elman Abbasov və İlqar Nəsibov da hadisə yerinə gediblər. Polislər onlara çəkiliş aparmamaları üçün fiziki güc tətbiq ediblər. Jurnalistlər faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğuna şikayət veriblər. Həmçinin hadisədən sonra H. Mehdiyevə qarşı heç bir sübut dəlil olmadan Şərur rayon Prokurorluğunda CM-nin  189-1 maddəsi ilə (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması) cinayət işi açılıb. Avqustun 3-də isə onda Naxçıvan Muxtar Respublikasını tərk etməməyinə dair xəbərdarlığa imza atdırıblar.

 

RATİ qeyd edir ki, buna qədər də  Naxçıvan Muxtar Respublikası jurnalistlərin  sərbəst fəaliyyəti üçün üçün ən kritik bölgə olub və burada çoxsaylı jurnalist təzyiqlə üzləşib və ya bölgədən qaçmağa məcbur edilib. Son olay isə  Almaniyanın tanınmış qəzeti “Frankfurter Allgemeine Zeitung”-in Moskva bürosunun müxbiri, siyasi şərhçi Mixail Ludviqin bir müddət bundan Naxçıvana səfəri və daha sonra yerli hakimiyyətin təzyiqi ilə onun  Muxtar Respublikanı tərk etməyindən sonra başlanıb. Əcnəbi jurnalistin H.Mehdiyevin müşayiəti ilə Sədərək rayonuna getməsi yerli hakimiyyətin xoşuna gəlməyib və onu cəzalandırmaq barədə əməliyyata başlayıblar. Habelə buna qədər “Facebook” sosial şəbəkəsində həm Elman Abbasov, həm də Həkimeldostu Mehdiyevin adına saxta profillər yaradılaraq hər iki jurnalist təhqir olunur.

 

RATİ bu kimi neqativ halların nə Naxçıvan Muxtar Respublikası rəhbərliyinə, nə də bütövlükdə Azərbaycan hökumətinə baş ucalığı gətirmədiyini  və  ölkənin onsuz da yaxşı olmayan beynəlxalq imicinə daha bir zərbə vurduğunu xatırladır.

 

RATİ bir daha Naxçıvan Muxtar Respublikası hakimiyyətini jurnalistlərin təqibinə son qoymağa,  Həkimeldostu Mehdiyevə qarşı başlanmış qondarma cinayət işinə xitam verməyə və onun mənzilinin elektrik enerjisi ilə təmin etməyə çağırır. Habelə RATİ Azərbaycan Respublikası Prezidentinə üzünü tutaraq onu Naxçıvandakı son olaylara təcili reaksiya verməyə və jurnalistlərə təzyiq edən, onları qurama işlərlə təqib edən və təhqir edən  şəxsləri cəzalandırmaq üçün müvafiq qurumlara göstəriş verməyə çağırır.

 

Previous Post

HÖKUMƏT JURNALİSTLƏRƏ TƏZYİQƏ GÖZ YUMUR

Next Post

DƏVƏTNAMƏ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.