Sentyabrın 22-də Şərur rayon Məhkəməsində hakim Hüseyn Zülfüqarovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyevə qarşı CM-nin 189-1.1-ci maddəsi ilə (elektrik enerjisi oğurlamaq) açılmış cinayət işi üzrə hökm elan olunub. Bu barədə bu gün (26 sentyabr) RATİ-yə H. Mehdiyev məlumat verib.
Jurnalist H. Mehdiyev hakimin qərarının qərəzli və ədalətsiz olduğunu deyərək, qərardan apellyasiya şikayəti veriləcəyini bildirdi.
Xatırladaq ki, jurnalistə qarşı təzyiqlər iyulun əvvəllərində “Franfurter algemayne tsaytunq” qəzetinin icmalçısı Mixael Lüdviqin Naxçıvana səfəri zamanı onu müşayiət etməsindən sonra başlayıb (yerli hakimiyyət almanı Naxçıvana buraxmamağa cəhd edirdi).
İyulun 15-də yerli hakimiyyəti Mehdiyevin Şərur rayonunun Cəlilkənd kəndindəki evin yaxınlığında yerləşən avtomobil yuma məntəqəsində elektrik enerjisindən qanunsuz istifadə bəhanəsi ilə onun evinə enerji verilməsini dayandırıb. Lakin Mehdiyevin sözlərinə görə, o, istifadə etdiyi bütün enerjinin haqqını ödəyib və onun bunu təsdiq edən sənədləri var. O vaxtdan etibarən Mehdiyevlər ailəsi 24 gün işıqsız yaşayıb.