Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası yerli tərcüməçilər üçün hazırlanmış ilk Davranış kodeksinin, Vətəndaş Cəmiyyətinə Dəstək layihəsinin və yerli mətbuatın gündəlik ingilis dilli icmalını yayımlayan “www.pressaz.com” saytının təqdimatını keçirib.
Müddətsiz Vətəndaş Cəmiyyətinə Dəstək layihəsinin başlanmasını elan edən İsmayıl Cəbrayılov layihə çərçivəsində müraciət əsasında, vətəndaş cəmiyyəti qurumlarına, o cümlədən ehtiyacı olan QHT-lər və gənclər təşkilatlarına Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının könüllülərinin ödənişsiz tərcümə xidmətləri göstərəcəyini deyib. Müraciət etmək üçün AGTA-nın rəsmi veb səhifəsində (www.agta.az) yerləşdirilən müraciət formasını doldurub göndərmək lazımdır.
Bundan əlavə, bu il oktyabrın 18-dən Assosiasiya Azərbaycan mətbuatının ingilis dilində icmalını hazırlayıb “pressaz.com” saytına yerləşdirir. İcmal əcnəbi dilli vətəndaşlar üçün nəzərdə tutulub, rəsmi, hökumətyönlü, həm də müxalifət və müstəqil qəzetləri əhatə edir.