ÖLÜMLƏ HƏDƏLƏNƏN “XURAL” QƏZETİNİN ƏMƏKDAŞI ABŞ SƏFİRLİYİNƏ DƏVƏT EDİLİB

Dekabrın 7-də “Xural” qəzetinin hazırkı baş redaktoru və “Azadlıq” qəzetinin əməkdaşı Anar Mahmudoğlu ABŞ səfirliyinə dəvət edilib və səfirliyin mətbuat katibi Kis Binlə görüşüb.

Bu barədə “Xural.com” saytı məlumat verib. Məlumatda bildirilir ki, Kis Bin “Xural” qəzetinə və bu qəzetin  əməkdaşlarına edilən  son hədələr və təzyiqlərlə maraqlanıb. A.Mahmudoğlu “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının şərlənərək həbs edilməsi, qəzet kollektivinə qarşı müxtəlif təzyiqlər, ona qarşı  ölüm təhdidləri ilə bağlı ətraflı məlumat verib.

“Qanunsuz olaraq “Xural”» qəzetinin çapına qadağa qoyulub. Bundan sonra biz  “ASİ” qəzetini nəşr etdirməyə başladıq.  Amma «ASİ»-nin çapına da imkan verilmədi.  Qəzeti nəşr edən “E.Q” mətbəəsinin rəhbərinin “ASİ”-nin kommersiya direktoru ilə əlaqə saxlayaraq, qəzetin çapından imtina etdiyini söyləyib.  Mətbəə rəhbərliyi  bunu Prezident Administrasiyasından verilən tapşırıqla əlaqələndirib”, – deyə qeyd edən A.Mahmudoğlu ona qarşı olan təhdidlə bağlı Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsində təhqiqata başlandığını da bildirib.

Öz növbəsində K.Bin Əvəz Zeynallının həbsi və “Xural” qəzetinin ətrafında baş verən hadisələri diqqətlə izlədiklərini və nəzarətdə saxladıqlarını bildirib.

Qeyd edək ki, dekabrın 6-da saat 12:54-da “Anar Mahmudoğlunun mobil telefonuna 012 – 514-28-67 nömrəli telefondan zəng edən naməlum şəxs onu və övladlarını öldürməklə təhdid edib.

Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb. Qəzetin baş redaktoru Əvəz Zeynallı isə Milli Məclisin deputatı Gülər Əhmədovanın iddiası ilə oktyabrın 28-də həbs edilib və Nəsimi rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Dekabrın 4-dən “Xural” qəzetinin  kollektivi  “Asi” (Azad Söz İnqilabçıları)  qəzetinin nəşr etdirmişdi.

Previous Post

TƏRCÜMƏÇİLƏRİN ETİK KODEKSİ HAZIRLANDI

Next Post

ƏVƏZ ZEYNALLININ APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ ƏLLƏRİNDƏKİ QANDALLAR AÇILMADAN KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.