Bu gün (11 yanvar) Media Mərkəzində (RATİ) “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının həbsi ilə bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutun nəzdində fəaliyyət göstərən “Preventiv cavab qrupu”nun hesabatı təqdim edildi.
“Biz Əvəz Zeynallının həbsinin hüquqi cəhətdən qiymətləndirilməsi, onun peşə fəaliyyətinin araşdırılması istiqamətində iş aparmışıq. Çünki onun həbsinin birbaşa peşə fəaliyyəti ilə bağlı olduğunu düşünürük. Baş redaktorun həbsindən sonra “Xural” qəzetin çapına bir sıra maneələr yaradıldı, əməkdaşlar müxtəlif şəxslər tərəfindən təqiblərə məruz qaldılar. Araşdırma qrupu ilk növbədə Əvəz Zeynallının həbsi zamanı baş verən qanun pozuntularına diqqət yetirib. Qanun pozuntuları ondan ibarətdir ki, Zeynallı həbs edilən zaman ona rəsmi iddia elan olunmayıb, ona qarşı iddialar həbsindən 5 saat sonra bildirilərək, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bundan sonra hüquqi normativ aktlara əməl olunmadan “Xural” qəzetinin redaksiyasında, Zeynallının yaşadığı mənzildə axtarışlar aparıldı”, – deyə Ə.Muxtarlı qeyd etdi.
Onun sözlərinə görə, baş redaktora qarşı Milli Məclisin deputatı Gülər Əhmədova və daha iki nəfərin rüşvət ala ilə bağlı şikayətləri var. Amma bu günə qədər hələ ki əsas ittihamçı Gülər Əhmədova ilə Ə.Zeynallı arasında üzləşmə aparılmayıb: “Əvəz Zeynallı həbsindən əvvəl mətbuata Gülər Əhmədovanın ona rüşvət təklif etməsi və səsini yazmaq istəməsi üçün redaksiyaya gəlməyi barədə məlumat vermişdi. Əvəz Zeynallıya qarşı Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin iddiası üzrə cərimə qərarı vardı”, -deyə qeyd edən Ə. Muxtarlı bu həbsin planlaşdırıldığını qeyd etdi.
Ə.Müxtarlının sözlərinə görə, məqsəd “Xural” qəzetini susdurmaq idi. ”Əvəz Zeynallı həbs olunandan sonra “Xural” qəzetinin çapına da imkan verilmədi. Hətta qəzet əməkdaşlarına “ASİ” qəzetini də çap etdirməyə imkan verilməyib. Bu qəzetin redaktoru Anar Mahmudoğlunun ailəsi ilə təhdid edilib. Biz bu məsələ ilə bağlı da xüsusi araşdırma apardıq. Biz Nərimanov rayon Polis İdarəsinin İstintaq Qrupu ilə bu məsələni araşdırmışıq. Təhqiqat Qrupu bununla bağlı ciddi sübutlar da əldə edib. Sübutlar Nərimanov rayon Polis İdarəsinə təqdim edilib. Anar Mahmudoğlunu hədələyən şəxsin konkret olaraq kimliyi də bizə bəllidir, lakin istintaqa mane olmamaq üçün bir müddət o adamın kimliyini açıqlamayacağıq”, – deyə Muxtarlı bildirdi.
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev isə qrupun fəaliyyətinin Açıq Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən maliyyələşdirildiyini və gələcəkdə digər jurnalistlərə qarşı qeyri qanuni hərəkətlərin olacağı təqdirdə analoji qrupların fəaliyyət göstərəcəklərini bildirdi.