Yanvarın 10-da “Avropa” otelində keçirilən «Frontline club» müzakirələri medianın aktual problemlərinə həsr edilib. Əsas müzakirə mövzuları diffamasiya haqqında qanun, söz və ifadə azadlığı olub.
Azərpres informasiya agentliyinin direktoru Vüsalə Mahirqızı diffamasiya haqqında qanunun qəbul edilməsi zərurətini qeyd edib. O, həmçinin bildirib ki, ölkədə söz və ifadə azadlığının təmin edilməsi sahəsində problemlər var. Lakin internet mediada və sosial şəbəkələrdə belə problem yoxdur.
“Yeni Müsavat” qəzetinin redaktoru Rauf Arifoğlu hesab edir ki, Azərbaycanda KİV sahəsində böyük problemlər var. İlk növbədə böhtana görə cinayət məsuliyyəti ləğv edilməli və KİV-ə ifadə azadlığı verilməlidir. 2011-ci ildə məhkəmə iddiaları nəticəsində onun qəzeti 2 mln. manata yaxın cərimə edilib. Ötən il ərzində ümumilikdə qəzetlərə və jurnalistlərə qarşı müxtəlif iddialar üzrə 70 minə yaxın məhkəmə prosesi olub.
“Azadlıq” qəzeti baş redaktorunun 1-ci müavini Rahim Hacıyev hesab edir ki, hakimiyyətin təzyiqlərindən ən çox onların qəzeti əziyyət çəkib: qəzetin əməkdaşları Ramin Deko, Seymur Həzi döyülüb və oğurlanıb. Hakimiyyət zorakılığının digər qurbanları – Aqil Xəlil və Fikrət Hüseynov mühacirət etmək məcburiyyətində qalıb. İştirakçılar deputatlara diffamasiya haqqında qanunu qəbul etməyi təklif ediblər.
«Frontline club» müzakirələri çərçivəsində “Media açarı” müsabiqəsinin qalibləri mükafatlandırılıb. “2011-ci ilin ən yaxşı icmalçısı” nominasiyasında “Azadlıq” radiostansiyasının əməkdaşı Hüseynbala Səlimov qalib olub. Jurnalist araşdırması nominasiyasında həmin radiostansiyanın əməkdaşı Vüsalə Əlibəyli mükafata layiq görülüb. “İlin adamı” nominasiyasında akademik Rafiq Əliyev mükafata layiq görülüb. “Ən yaxşı reportyor” nominasiyasında qalib gələn olmayıb.