MEDİANIN TƏNZİMLƏNMƏSİNİN MÜXTƏLİF FORMALARI – HANSI FORMA AZƏRBAYCANA DAHA UYĞUNDUR?

Oktyabrın 24-də RATİ-nin təşkilatçılığı ilə Hyatt Regency otelində keçirilmiş “Medianın azadlığı və hesabatlılıq” adlı konfransda Azərbaycanın media cəmiyyətinin nümayəndələri jurnalistika etikası, habelə “hansı xəbərin yazılmalı, hansını isə yazılmamalı?” mövzusunda müzakirələr apardılar. RATİ və Ayna/Zerkalo qəzetinin  əməkdaşı İdrak Abbasov yazır.

“Demək asandı, etmək isə çətin”
RATİ sədri Emin Hüseynov keçirilən tədbirdə məqsədin  medianın özünütənzimləməsində yerli və beynəlxalq praktikanın uzlaşdırılması olduğunu qeyd etdi. Lakin bu gün Azərbaycan mediasının kəskin iqtisadi və siyasi problemlərinin olduğunu nəzərə alan konfrans iştirakçıları bunun elə də asan iş olmadığını hesab edirlər.
Şübhəsiz ki, azadlıq və hesabatlılıq bir-birinə bağlı anlayışlardır. Konfransın moderatoru, Danimarkanın Beynəlxalq Mətbuat Təşkilatının proqram rəhbəri Gülnarə Axundova Azərbaycanda vəziyyətin spesifikliyinə diqqət çəkib; media azadlığının olmaması şəraitində mətbuatın özünü tənzimləməsi çətin məsələdir.

Avropa Şurasının bu məsələdə rolu


Avropa Şurasının Media Departamentinin müşaviri Leyla Dervişagiç qeyd edib ki, medianın özünütənzimləmə mexanizmləri ifadə azadlığının müdafiəsində mühüm rol oynayır. Bu məqsədlə AŞ iştirakçı ölkələrdə mətbuatın özünütənzimləmə institutlarını və onlar arasında əməkdaşlığı dəstəkləyir.
Avropa Şurasının və Avropa İttifaqının “Cənubi Qafqazda və Moldovada medianın azadlığı, peşəkarlığı və plüralizmin inkişafı” adlı birgə proqramı çərçivəsində həyata keçirilən konfransın əsas məqsədi aparıcı media orqanları arasında medianın özünü tənzimləməsi və cəmiyyətdə etik normaların formalaşmasında jurnalistlərin rolu ilə bağlı məlumatlılığın artırılması idi.
Avropa Şurası uzun illərdir medianın özünü tənzimləməsi ideyasının təbliğini və təşviqini həyata keçirir. Bir çox seminar və tövsiyələrdə özünü tənzimləmə və dövlət tərəfindən nəzarət məsələlərinə toxunulmuşdur.  Avropa Şurası Azərbaycanda medianın özünü tənzimləməsi məsələsinin təşviqi məqsədiylə dəyirmi masalar, təlimlər və digər maarifləndirici tədbirlər həyata keçirən ilk təşkilatdır.  

 

Azərbaycanın Mətbuat Şurası

 

Həmkarlarından fərqli olaraq Mətbuat Şurasının idarə heyətinin üzvü Müşfiq Ələsgərli hesab edir ki, Azərbaycanda medianın özünü tənzimləməsi artıq formalaşıb və hətta cəmiyyətin etibarını qazanıb. Ələsgərli hesab edir ki, Mətbuat Şurası medianın özünü tənzimləməsinin uğurlu modelidir. O, həmçinin Mətbuat Şurasına ictimai etimadın göstəricisi kimi ötən il bu orqana 651 müraciət və şikayətin daxil olduğunu bildirib. Onlardan 499-u KİV-lərdən şikayətlər olub. Ələsgərli hesab edir ki, Mətbuat Şurası sayəsində bu KİV-lər məhkəmə iddialarından yayınıblar.
İki böyük jurnalist birliyinin sədrləri isə bunun tam əksini düşünür. Azərbaycan
Jurnalistlər Birliyinin sədri,  və “Ayna-Zerkalo” qəzetlərinin  baş redaktoru Elçin Şıxlı Mətbuat Şurasının yarandığı andan etibarən ölkədə mətbuat sahəsində vəziyyət xeyli pisləşdiyini qeyd etdi. Şıxlının fikrincə, ölkə mətbuatı siyasi repressiya və iqtisadi sıxıntılar içində olduğu üçün özünü tənzimləmə məsələsinin müzakirəsinin hələ zamanı deyil. Buna görə o, indi söhbət mətbuatın özünütənzimləməsindən deyil, həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən özünü müdafiəsindən və qoruyub saxlamasından aparılmasını vacib saydı.
Şıxlının həmkarı, “Yeni Nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyevin fikrincə,mətbuatın özünütənzimləməsi azad mətbuata xasdır.  Arif Əliyevin sözlərinə görə, Azərbaycanın çap nəşrlərinin reklam bazarı cəmi 2 milyon avro təşkil edir. Son 12 ildə Azərbaycan KİV-də reklam 9 dəfə azalıb, qəzet satışı isə 45 faiz düşüb.
Azərbaycanda ifadə azadlığı – “hamı hökuməti tərfiləməkdə azaddır”
Hakimiyyətin fikrincə Azərbaycan mediası diffamasiyanın dekriminallaşdırılması şəraitində işləməyə hələ hazır deyil. Lakin Turan Xəbər Agentliyinin direktoru Mehman Əliyev hökumətin diffamasiyanın dekriminallaşdırmaq niyyətinin olduğunu düşünmür. “Hökumət mediaya tam nəzarəti əlində saxlamaq istəyir, buna görə də bu addımı atmaqda maraqlı deyil” deyə Mehman Əliyev bildirib.  

Konfransda Milli Məclisin iki üzvü də iştirak etmişdir.

 

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı hesab edir ki, Azərbaycanda media azaddır. Ağamalı bildirib ki, hətta keçirilən bu tədbirin özü və tədbirdə səslənən fikirlər də ölkədə söz azadlığının olmağının göstəricisidir.
“Azərbaycanda söz azadlığı var və bu günü-gündən inkişaf edir”, deyə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət bildirib.  
Beynəlxalq mükafat sahibi olan jurnalist İdrak Abbasov Azərbaycanda yalnız bir azadlığın “hakimiyyəti tərifləmək azadlığının” olduğunu qeyd edib.
İdrak Abbasovun bu fikri ilə razılaşan Media Hüquqları İnstitutunun nümayəndəsi Xalid Ağaliyev bildirib ki, medianın özünü tənzimləməsi prinsipinin işləməsi üçün informasiyaya çatımlılıq və jurnalistlərin təhlükəsizliyi hökumət tərəfindən təmin olunmalıdır.
Cinayət Məcəlləsində hələ də diffamasiyaya görə cəzanın nəzərdə tutulması jurnalistləri özünü-senzuraya sövq edir.
Böyük Britaniyanın Mətbuat Şurasında 25 illik təcrübəsi olan Aydan Vayt çıxışında qeyd edib ki, medianın özünütənzimləməsinin şərtlərindən biri KİV sahiblərinin şəffaflığı və peşə etikası normalarına riayət etməklə bağlı könüllü öhdəlikləridir.
İctimai Televiziyanın əməkdaşı Tahir Mammadov irəli getməyin yeganə yolunu mediada peşəkarlığın artırılmasında görür.

Rəqəmsal dövrdə medianın özünü tənzimləməsi: ifadə azadlığı prioritet olmalıdır
Mediada özünü tənzimləmə barəsində müzakirələr rəqəmsal medianın meydana çıxması ilə daha da artmağa başladı. Bu gün internetə qoşulmaq imkanı olan hər bir şəxs potensial jurnalistdir.
Əsas məsələ ənənəvi medianın mövcud etik kodeksinin ani və interaktiv olan yeni mediaya hansı dərəcədə tətbiq olunmalı olmasıdır.
Sosial media eksperti, blogger Əli Novruzovun fikrincə, özünü tənzimləmə onlayn media orqanları üçün müəyyən məna kəsb etsə də bütün internet istifadəçiləribə şamil olunmamalıdır. Novruzov hesab edir ki, Azərbaycanda internet sahəsində tənzimləməyə və ya özünü tənzimləməyə hələ ki ehtiyac yoxdur.

Yəqin ki, Novruzov hökumətin internetə nəzarət edəcəyindən ehtiyat edir. Novruzov qeyd edib ki, Azərbaycan hökuməti Qərb şirkətlərinin birindən sosial şəbəkələrə nəzarət proqramı almağı planlaşdırır.
Onlayn İfadə Təşəbbüsü kampaniyasının üzvü, RATİ sədri Emin Hüseynov hesab edir ki, ifadə azadlığının qorunması internetdə təhqiramiz şərhlərin filtrasiyasından daha vacib məsələdir.
Konfrans qarşılıqlı fikir mübadiləsi ilə işini başa vurub.

Previous Post

MƏHKƏMƏ XƏDİCƏ İSMAYILOVANIN “SƏS” QƏZETİNƏ QARŞI İDDİASINI TƏMİN ETMƏDİ

Next Post

TƏNZİLƏ RÜSTƏMXANLI ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ İFADƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.