Polis təzyiqi nəticəsində xəsarət alaraq iyun ayının 14-dən Kliniki Tibbi Mərkəzdə müalicə alan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov bu gün (25 iyun) kafi vəziyyətdə evə yazılıb.
Ona nevro-tarvmaloji xəstəliklər üzrə ixtisaslaşan xəstəxanada və ya sanator-kurot müəssisəsində müalicəni davam etdirməyə tövsiyə olunub. Bundan əlavə Hüseynova boyunda korset geyinməyə və qulaq həkiminin müayinəsindən keçməyə məsləhət görülüb.
E. Hüseynovun sözlərinə görə, onun başında və boynunda hələ də kəskin ağrılar var. Eyni zamanda baş gicəllənməsindən şikayət edən RATİ sədrində görmə və eşitmə qabiliyyətinin azalması da müşahidə olunur .
Belə ki, Hüseynova xəstəxanadan epikriz verilsə də xəstəlik tarixinin sürəti verilməyib. Xəstəxanadan xəstəlik tarixinin yalnız həftənin beşinci günü (27 iyun) almaq mümkün olduğunu Hüseynova bildirdilər.
E. Hüseynov bildirib ki, yaxın günlərdə əgər səhhəti imkan verərsə başına gələnlərlə bağlı mətbuat konfransı keçirəcək.
Habelə bu gün E. Hüseynova Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin siyasi məsələlər üzrə müşaviri Claire Delessard baş çəkib. C. Delessard Semnebinin Hüseynovla maraqlandığını və bu məsələni diqqətdə saxladığını deyib: “O, mənə döyülməyimlə bağlı suallar verdi. Mən də ona məhz jurnalist və hüquq müdafiəçisi olduğuma görə 22-ci Polis Bölməsində döyülməyimi istisna etmədiyimi bildirdim. Bölmədə olduğum zaman hüquq müdafiəçilərinin DİN-ə zəng etməsi və onların mənə tezliklə buraxılacağımı bildirməsi mənə əsas verir ki, bölmədəki polislər mənim kim olduğumu bilirdilər. Buna baxmayaraq mən polis zorakılığının qurbanı oldum”.