SUMQAYIT MƏHKƏMƏSİ GƏNC FƏALIN HÜQUQLARINI TANIMADI

     Bu gün Sumqayıt Şəhər Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının o həbs olunarkən qanunsuzluğa yol verilməsi haqqında məhkəmə nəzarəti qaydasında  şikayətinə baxılıb.

Məhkəmə  onun  bu  şikayətini təmin etməyərək,  Avropa Konvensiyasının  5-ci maddəsini (toxunulmazlıq) hüququnu tanımayıb. Bu barədə RATİ-yə vəkil Anar Qasımov bildirib.

Məhkəmə prosesinin başlanmasına az qalmış məhkəmə binasının qarşısına toplaşan AXCP Gənclər Komitəsinin üzvləri, eləcə də jurnalistlər buradan uzaqlaşdırılıblar. Belə ki, polislər Sumqayıt şəhərinin Heydər parkı adlanan ərazidən  yolları bağlayaraq, Sumqayıt məhkəməsinin binasını mühafizə ediblər. Gənclər  məhkəmənin binasından polis və mülki geyimlilər tərəfindən uzaqlaşdırılıblar. Daha sonra isə dörd nəfər – AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, fəallar Dəyanət Babayev, Elturan Rüstəmli və Aydın Əliyev saxlanılıblar.

             Xatırladaq ki,  Cabbar Savalanlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (qanunsuz narkotik maddə saxlama) ittiham olunur. Onu 3 ilədək həbs cəzası gözləyir. Polis iddia edir ki, onun üzərindən 0,17 qr. tiryək götürülüb.

 Gənc fəalın tərəfdarları əmindirlər ki, Savalanlı siyasi əsaslarla, xüsusən yanvarın 20-də müxalifətçilərin Şəhidlər Xiyabanına yürüşündə fəal iştirakına görə həbs olunub. Həmin vaxt müxalifətçilərin daşıdığı siyasi plakatlara görə onlarla polis arasında qarşıdurma yaranmışdı. Bundan sonra Savalanlı izləndiyini hiss edib.

            Qeyd edək ki, Azərbaycanda əvvəllər də hakimiyyətin rəqiblərinin qanunsuz narkotik maddə saxlamaq ittihamı ilə təqib olunması halları olub. Vaxtilə “Azadlıq” qəzetinin əməkdaşı, satirik Mirzə Sakit də bu ittihamla həbs olunmuşdu. Hazırda jurnalist Eynulla Fətullayev bu ittihamla həbsdə saxlanmaqdadır.

 

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 24 FEVRAL 2011

Next Post

SLOVAKİYANIN MEMO-98 TƏŞKİLATININ EKSPERTİ İVAN GODARSKY İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.