Babək rayon Qahab kənd sakini 58 yaşlı Novruz Əliyev 2008-ci dekabr ayının 3-də Naxçıvan şəhər Məhkəməsində hakim Hicran Muradovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək bir il altı ay müddətinə azadlıqdan məhrum edilib.
N. Əliyev bu cəzaya Muxtar Respublika Daxili İşlər naziri Əhməd Əhmədovun xüsusi ittiham qaydasında qaldırdığı iddiaya görə layiq görülüb.
Qohumlarının dediyinə görə, N. Əliyev şəkər xəstəsi olduğu üçün 10 il ərzində təqaüd alıb. 2 il bundan əvvəl onun təqaüdü dayandırılıb. O, problemə görə Naxçıvan Muxtar Respublikasının sabiq əhalinin sosial müdafiəsi naziri Azər Ələkbərovdan Azərbaycan Respublikasının prezidentinə və digər aidiyyatı orqanlara şikayət ərizəsi yazıb. 15 oktyabr 2008-ci il prezident seçkilərindən bir-neçə gün əvvəl Muxtar Respublika daxili işlər naziri Ə. Əhmədov N. Əliyevi yanına çağıraraq şikayətini geri götürməyi ondan tələb edib. Şikayətini geri götürməyən N. Əliyev 5 gün qanunsuz olaraq DİN-də saxlanılıb. Qanunsuz həbsdən azad olunandan sonra isə o, daxili işlər naziri Ə. Əhmədovdan prezident İlham Əliyevə və digər ünvanlara şikayət ərizəsi yazıb. Dekabrın 3-də isə zəng edib onu məhkəməyə dəvət ediblər. N. Əliyevin axşam evə dönmədiyindən narahat olan qohumlarına səhər məlum olub ki, atıq o həbs edilib.
Belə ki, N. Əliyevin həbsindən 26 günün keçməsinə baxmayaraq hələ də ona qohumları ilə görüş verilməyib. Məhkumu vəkillə təmin etmək üçün maddi imkanı olmayan Əliyevlər ailəsi hətta N. Əliyevin həbsindən apellyasiya şikayəti də verə bilməyib.
“Novruz Əliyev müxtəlif ünvanlara Muxtar Respublika Daxili İşlər Nazirindən şikayət ərizələri yazıb. Yazdığı şikayətlərdə əsasız olaraq naziri Cinayət Məcəlləsinin 16 maddəsi ilə ittiham edib. Bunlardan 9-u ağır, 1 isə xüsusi ağır cinayətdə ittihamdır. Novruz Əliyev vəzifəli şəxsə böhtan və şər atdığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə təqsirli bilinərək bir il altı ay müddətinə azadlıqdan məhrum edilib. Apelliyasiya şikayəti verməsi üçünsə ona heç kim mane olmayıb”. Bunu isə RATİ əməkdaşlarına Naxçıvan şəhər Məhkəməsinin sədri Hüseyn Məmmədov deyib.