Facebook fəalı narkotik ittihamı ilə həbs edilib

abdul

Facebook fəalı, hakimiyyəti kəskin tənqidləri ilə  seçilən “Yaltaqlara dur deyək” səhifəsinin admini Əbdül Əbilovnoyabrın 22-də həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsi noyabrın 23-də gənc fəal barəsində 3 aylıq həbs qətimkan  tədbiri seçib.  Bu barədə bu gün (27 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) gənc fəalın anası məlumat verib.

Fəalın anası bildirib ki,  22 noyabr tarixində  Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

“Əbdülü həyətdə saxladıqdan sonra qolunu buraraq yaşadığımız evə qaldırdılar.  Bu şəxslər evimizə gələn zaman oğlum bildirdi ki, gələnlərdən birinin əlində nəsə var,  ayıq olun qoymayın heç nə atsınlar.  Mən ondan əlində nə olduğunu soruşduğum və göstərməsini tələb etdiyim zaman o mənim çənəmdən vurdu. Axırda oğlumun bir həftədir geyinmədiyi gödəkçəni soruşdu ki, bu kimindir, Əbdülün olduğunu bilən kimi, aldı əlinə və əlində olan toza oxşayan maddəni göstərdi ki,   guya bu oğlumdan çıxıb”,-deyə gənc fəalın anası qeyd edib.

Fəalın anası  onu da əlavə edib ki,   əmisioğlunun da qolunu bir-birinə bağlayıb aparıblar.

Əbdül Əbilovla eynin zamanda qandallanıb tutulan əmisi oğlu Ramin Əbilov isə RATİ-yə bildirib ki, onu  3-4 saat saxlayıblar və o bu zaman ərzində  şahidi olub ki, Əbdül Əbilova deyirlər  ki, sən o səhifəni niyə açmısan, sənin səhifənin 5000 istifadəçisi var, insanlara təsir edirsən.

Qeyd edək ki, Əbdül Əbilovun tutulmasının səhəri günü səhifə bağlanıb.

Xatırladaq ki, Əbdül Əbilov “facebook”da  “Yaltaqlara dur deyək” səhifəsinin admini olub, hakimiyyəti kəskin tənqidləri ilə seçilib. 22 noyabrda yaşayış yerindən tutulub aparılaraq  barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində həbsdə saxlanılır.

Previous Post

Jurnalistin vəkili Ombudsmanın yalan danışdığını bildirir

Next Post

Məhkəmə jurnalistə cəriməni ödəmək üçün 10 gün vaxt qoyub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.