Jurnalistin vəkili Ombudsmanın yalan danışdığını bildirir

398327_525389854153700_112437647_n

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan “Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri  Pərviz Həşimli ilə görüşüb. Ombudsman görüşdən sonra  verdiyi açıqlamada bildirib ki, Pərviz Həşimli səhhətindən, saxlanma, şəraiti və qidalanmadan narazılıq etməyib və eyni zamanda o əlavə edib ki, Pərviz Həşimli təcridxanada aclıq aksiyası keçirməyib, gündəlik yeməyi qəbul edib.  Onu da qeyd edək ki,  Pərviz Həşimli Ombudsmana  bildirib ki, ona qarşı irəli sürülmüş ittihamla razı deyil,  istintaqın sürətləndirilməsi, ailəsi ilə görüş və telefon danışığı üçün imkan yaradılması, istədiyi qəzetlərlə təmin olunması və Bakı İstintaq Təcridxanasına köçürülməsinə kömək etməsini xahiş edib.

Ombudsmanın yaydığı bu açıqlama ilə bağlı jurnalistlə 25 noyabr tarixində görüşmüş  vəkil Bəhruz Bayramovla əlaqə saxladıq. Vəkil Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, Pərvizlə  25 noyabr tarixində görüşüb və ikinci gün idi ki o aclıq aksiyası keçirirdi.

“ Görüş zamanı  halı pis olduğu üçün və ailəsinin narahat olduğunu Pərvizə  bildirdim və ondan aclığı dayandırmasını xahiş etdim. Həmin vaxt rəhbərlik də onunla görüşərək aclıq aksiyasının dayandırmağı xahiş edib və jurnalisti Ombudsmanla görüşdürməyi vəd edib.  Lakin o aclıq aksiyasını dayandırmamışdı”,-deyə vəkil əlavə edib.

Noyabrın 26-da jurnalistlə görüşən digər vəkili Elçin Sadıqov RATİ-yə bildirib ki, aclıq aksiyası olmaması barədə məlumatlar həqiqətə qətiyyən uyğun deyil.

“ Pərviz Ombudsmanla görüşəndə aclıq aksiyasını davam etdirirmiş. Ombudsman dünən axşam görüşüb, Pərviz aclığı bu gün səhər dayandırıb. O da, həm Ombudsman bəzi tələblərinin yerinə yetiriləcəyini vəd edib, həmçinin də həkim də, biz də məsləhət etmişdik ki, öz sağlamlığına kəskin ziyan verdiyinə görə dayandırsın, çünki çox halsız idi.  İndi görək həmin vədlər necə yerinə yetiriləcək. Ombudsman burada şərait yaxşıdır deyirsə, ona təklif edirik ki, iki günlük özünə burada yer ayırtdırsın, gəlsin qalsın, baxsın görsün o təriflədiyi “şərait” necədir”,-deyə vəkil qeyd edib.

Elçin Sadıqov onu da əlavə edib ki, məhkəmə onu həbsdə saxlamağı MTN-ə həvalə etməyib, yalnız 18 sentyabr 2013-cü il tarixli qərarda həbsdə saxlanma MTN-ə həvalə olunub, amma Səbail rayon Məhkəməsinin 07 noyabr 2013-cü il tarixli qərarında bu göstərilməyib.

“Kim deyirsə ki, məhkəmə qərarında göstərilib, bu yalandır, absurddur. Biz məhkəmənin qərarını açıqlaya bilərik. Ailəsi ilə görüş, istədiyi qəzetlər və s. verilmir. Konfidensial görüşmürük, – kamera da var, dinləmə cihazı da, – ən dəhşətlisi, qapıda vərəqələrimizi istəyirlər, verməsək içəri buraxılmırıq. Bizi şərt və fakt qarşısında qoyurlar. Bu gün, məsələn, imtina etdim, saat yarım MTN-də qanunsuz saxlandım, yenə də vərəqələri məcbur verəndən sonra keçəsi oldum”,-deyə Sadıqov əlavə edib.

Xatırladaq ki,  Pərviz  Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin  İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Sentyabrın 18-də Səbail rayon Məhkəməsi   Pərviz Həşimli  barəsində 2 aylıq  həbs qətimkan tədbiri seçib. Səbail Rayon Məhkəməsi noyabrın 7-də həbs müddətinin  daha 3 ay uzadılması barədə qərar verib.

Previous Post

İnternetdə diffamasiyaya görə çıxarılan hökm ləğv olunub

Next Post

Facebook fəalı narkotik ittihamı ilə həbs edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.