ATASI ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

avqust 3rd, 2010

İyulun 31-də  Hikmət Hacızadə 14 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan oğlu, gənc bloqçu Adnan Hacızadə ilə görüşüb. Bu barədə bu gün (3 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) H. Hacızadənin özü məlumat verib.

H.Hacızadə gənc bloqçunun saxlanma şəraitindən və səhhətindən şikayət etmədiyini bildirib.           

 Xatırladaq ki, hakimiyyəti tənqid edən “Eşşəklə (Esel Heinz)  müsahibə” adlı videorolikin  müəllifləri Adnan Hacızadə və digər blogger Emin Milli 08 iyul 2009-cu il tarixində Bakıda “Lebonese” (Livan) restoranında təxribatçılar tərəfindən döyülərək xəsarət almalarına və zərərçəkmiş şəxs qismində şikayət etmələrinə baxmayaraq, polis  onlara xəsarət yetirənləri sərbəst buraxmış və gənclər barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi başlamışdır. 11 noyabr 2009-cu ildə məhkəmə Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.