“XURAL” QƏZETİNİN BAŞ REDAKTORU ƏVƏZ ZEYNALLI MƏTBUAT KONFRANSI KEÇİRİB

Bu gün (03 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı qəzetə və özünə qarşı məhkəmə iddiaları ilə bağlı mətbuat konfransı keçirib.  

 O, çıxışında bildirdi ki, son 2 ayda “Xural” qəzetinə və özünə qarşı həm mülki, həm də xüsusi ittiham qaydasında bir neçə iddia qaldırılıb. “İyul ayında Nərimanov rayon məhkəməsində tələm-tələsik Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin mülki qaydada iddiası tam təmin olunub və “Xural” qəzeti 10.000 manat cərimələnib. Bu qərarın icra edilməsi isə maddi çətinliklər içərisində dərc olunan “Xural” qəzetinin fəaliyyətinin tamamilə dayanması ilə nəticələnə bilər” – deyən Əvəz Zeynallı əlavə etdi ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da onu həm xüsusi ittiham qaydasında, həm də mülki qaydada məhkəməyə verib. O vurğuladı ki, mətbuatın 135 illik yubileyi ilə əlaqədar prezidentin sərəncamına əsasən mətbuata birdəfəlik yardım edilən zaman digər həftəlik qəzetlər kimi “Xural” qəzetinə də maliyyə yardımı ayrılmayıb. “Bununla bağlı yazdığım müəllif yazısında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə “mətbu qəssab” ifadəsi işlətdiyimə görə, o da məni mülki qaydada məhkəməyə verərək, 10.000 manat cərimə kəsilməsini istəyib” – deyən Əvəz Zeynallı bütün bu məhkəmə iddialarının və cərimələrin “Xural” qəzetini sıradan çıxarmaq üçün qurulmuş planın tərkib hissəsi adlandırdı. O, bu planın Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov tərəfindən qurulduğunu deyərək, həm mülki, həm də xüsusi ittiham qaydasında iddiaçıların da bu plana xidmət etdiyini vurğuladı.

 

Tədbirdə çıxış edən “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili isə bildirdi ki, Rauf Arifoğlunun hakimiyyətin və ya hansısa şəxsin sifarişinə əsasən “Xural” qəzetini və Əvəz Zeynallının məhkəməyə verdiyini hesab etmir. O, qarşılıqlı anlaşma ilə iki KİV arasında yaranmış problemlərin həll olunmasının vacib olduğunu vurğuladı.

 

Qeyd edək ki,  RATİ sədri Emin Hüseynov Əvəz Zeynallı və “Millətim” qəzetinin baş məsləhətçisi Fərəməz Novruzoğluna qarşı xüsusi ittiham qaydasında iddialarını geri götürməsi ilə bağlı Rauf Arifoğluna açıq məktub yazıb və tərəflərə sülh yaratmağı xahiş edib.  Əvəz Zeynallı onu da qeyd etdi ki, Emin Hüseynovun və digər media nümayəndələrinin barışdırma cəhdləri ilə bağlı olaraq, hər zaman barışıq tərəfdarı olduğunu dilə gətirdi. “Rauf Arifoğlu da barışıq təklif edən dostların birinə iddiasına əsasən Əvəz Zeynallının həbs ediləcəyindən narahat olduğunu deyib. Dostlar məndən də Rauf Arifoğlu ilə bağlı yazıları dayandırmağımı istədilər. Hesab edirəm ki, Rauf Arifoğlunun belə bir narahatçılığı varsa, iddialarını geri götürməlidir və bundan sonra da mən lazımi addımları atacağam” – deyə baş redaktor bildirdi.

 

“Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.

Previous Post

ATASI ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

Next Post

“AZADLIQ” QƏZETİ İLƏ “AZƏRBAYCAN” NƏŞRİYYATI ARASINDA RAZILIQ ƏLDƏ OLUNUB

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.