AQİL XƏLİL ŞANTAJ EDİLİR

aprel 4th, 2008
“Siyasi hakimiyyət və hüquq-mühafizə orqanları “Azadlıq” qəzetinə və qəzetin döyülən və bıçaqlanan əməkdaşı Aqil Xəlilə qarşı “qara piyar” kompaniyasına başlayıb”.

Bu sözləri qəzetin direktoru Azər Əhmədov bu gün RATİ-nin mətbuat mərkəzində təcili olaraq keçirdiyi mətbuat konfransında deyib. Direktorun sözlərinə görə, dünən saat 18:00-da Kürdəmirə gedən Baş prokurorkuğun 4 müstəntiqi Kürdəmir Rayon Prokurorluğunda jurnalisti və onun valideynlərini 7-8 saat dindiriblər: “daha sonra jurnalisti şantaj etməyə başlayıblar. Guya “mavi” olan birinin Aqil Xəlillə xeyli müddətdir ki, “əlaqəsi” olub. O bu barədə hansısa telekanalların birinə müsahibə verib. Daha sonra müstəntiqlər A. Xəlilin üç yolunun olduğunu bildiriblər” ya deməlisən ki, həmin “mavilər”dən biri məni bıçaqlayıb. Ya iş yoldaşlarımdan biri. Üçüncüdən  isə xəbərsizəm. Aqil bunu mənə deməyib. Əks təqdirdə həmin “mavi” dən alınmış müsahibə bütün telekanallarda veriləcək və sən biabır olacaqsan. Buna guya “sübut” da var. Belə ki, həmin “mavi” dən jurnalistə və jurnalistdən “mavi”-yə göndərilən sms-lərin siyahısı çıxarılıb. Lakin nəzərinizə çatdırmaq istəyirəm ki, bu siyahıda olan sms-lərin vaxtı iki il bundan əvvələ təsadüf edir. Aqil Xəlil isə 2 il bundan qabaq əsgərlikdə olub və onun o vaxt mobil telefonu olmayıb”.

Direktor hal-hazırda A. Xəlilin Baş Prokurorluğun Ağır Cinayətlərə dair istintaq idarəsində ifadə verdiyini  və təkidlərdən sonra vəkil Elçin Sadıqovun da onun yanına buraxıldığını vurğuladı: “Əgər Aqil oradan çıxmasa, qəzetin hansısa əməkdaşı və yaxud mən tutulsam heç biriniz təəccüblənməyin”.
 Bu cür hərəkətlərin səbəbini seçkilərə qədər “Azadlıq” qəzetini susudurmaq və qapatmaq olduğunu qeyd edən Əhmədov əlavə edib ki, ”mən ATƏT-i, Qərb ölkələrinin Azərbaycandakı səfirliklərini bu məsələ ilə bağlı qətiyyətli tədbir görməyə çağırıram. Ya onlar iş görsünlər, ya da ki, biz məcburiyyət qarşısında fəaliyyətlərimizi ümumiyyətlə dayandıraq”.