“AQO” QRUPU MEDİA NÜMAYƏNDƏLƏRİ VƏ DÖVLƏT RƏSMİLƏRİ İLƏ SÖZ AZADLIĞI MÖVZUSUNDA MÜZAKİRƏLƏR APARIB

Bu gün Avropa Şurasının informasiya ofisində Avropa Şurası Nazirlər Komitəsinin "AQO" Monitorinq Qrupu Azərbaycanın  media qurumlarının və jurnalist təşkilatlarının rəhbərləri ilə Azərbaycanda söz azadlığının durumu  barədə müzakirələr aparıb.

Müzakirələrin birinci hissəsində iştirak edən “TURAN” informasiya agentliyini direktoru Mehman Əliyev bildirdi ki, Azərbaycan mətbuatının vəziyyəti hakimiyyətin iqtisadi və siyasi basqıları nəticəsində olduqca kirtik həddə çatıb. Onun sözlərinə görə  ölkədə alternativ fikri yalnız bir necə min tirajla çıxan qəzetlərdən və “Azadlıq” , “BBC” və “Amerikanın səsi”  radiolarından əldə etmək olar.  M.Əliyevin sözlərinə görə son zamanlar həmrəyliyin azalmasından medianın özü-özünün müdafiəsi də çətinləşib. O, bunu media qurumlarının 99 faizinin hakimiyyətin nəzarəti altına keçdiyi ilə əlaqələndirib. Jurnalistlər öz  hüquqlarını müdafiəsi məqsədi ilə piketlər keçirəndə onlara yalnız 5-6 qəzetin nümayəndələri qoşulur.

“ANS” Teleradio şirkətinin vitse-prezidenti Seyfulla Mustafayev öz çıxışında bildirib ki, 2006-cı lillə müqayisədə 2007 il ANS üçün heç də pis olmayıb. Onun sözlərinə görə  Azərbaycan əhalisinə bəzi mövzular istisna olmaqla ANS  kifayət qədər dolğun məlumat verib. Jurnalistlərin müdafiəsinə gəldikdə isə S. Mustafayev bildirdi ki, bəzi jurnalistləri ANS bilərəkdən müdafiə etmir. Çünki ANS onları jurnalist saymır. Misal kimi Eynulla Fətullayevin adını çəkən ANS-in vitse-prezidenti “Realniy Azərbaycan” qəzetinin baş redaktorunu jurnalist yox, əksinə “mətbuat killeri” adlandırıb. S. Mustafayev həmçinin bildirdi ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkə olduğundan burada söz azadlığını gözləmək illüziya olar. Onun fikrincə nə vaxt Qarabağ problemi həll olunarsa o zaman Azərbaycanda söz azadlığı da olacaq.  
Tədbirdə iştirak edən “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov isə bildirib ki, media  problemlərinin və xüsusən də Eynulla Fətullayevin, Sakit və Qənimət Zahidovların həbsləri  birbaşa dövlət başçısının sifarişi ilə həyata keçirilib. Hakimiyyət  günahsız adamları şərləyərək həbs etdirir, sonra isə həbsxanalara vasitəçi göndərib jurnalistlərə onları həbs etdirən adama əfvlə bağlı xahiş ərizəsi  yazmağı təklif edir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov öz çıxışında Azərbaycanda söz azadlığı ilə bağlı problemlərin Qarabağ münaqişəsinin həll olunmamasıdan,  media qurumların həddindən artıq siyasiləşməsindən və media qurumlarının maddi imkanlarının  aşağı olmasından irəli gəldiyini söylədi. O, bildirdi ki, yaxın zamanlarda dövlət tərəfindən mətbuata dəstək kompaniyası  başlayacaq və bir çox mövcud problemlər öz həllini tapacaq. O dövlət tərəfindən media qurumlarına güzəştli kreditlərin veriləcəyini xüsusilə vurğuladı. Ə.Amaşov həbsdə olan jurnalistlərin azadlığa buraxılması üçün Avropa Şurasının vasitəçiliyinin vacib olduğunu vurğuladı.
Media hüquqları İnstitutunun direktoru Rəşid Hacılı  bildirdi ki, Azərbaycanda “İfadə Azadlığı” və yeni “Teleradio yayımı haqqında” qanunlarının qəbuluna ciddi ehtiyac var.  O, bildirdi ki, Azərbaycanda hal-hazırda telekanallar tərəfindən yayımlanan məlumatlar pluralizmi əks etdirmir, əksinə bir çox televiziyalar mövcud qanunvericiliyi kobud şəkildə  pozaraq balanssız məlumatlar yayır.
Reportyorların Azadlıq və Təhlükəsizlik  İnstitutunun direktoru Emin Hüseynov öz növbəsində  bildirdi ki, media sahəsində problemlərin olması ölkənin müharibə şəraitində yaşamasından daha çox , ölkədə korrupsiyanın miqyasının ildən-ilə artması ilə əlaqədar.
Misal kimi E.Hüseynov bildirdi ki, 90-cı illərin ortalarında Azərbaycanda korrupsiyanın miqdarı milyonlarla ölçülürdüsə,  hal-hazırda korrupsiyanın milyardlarla ölçüldüyündən mətbuata basqılar o vaxt ki, dövrlə müqayisədə qat-qat çoxalıb. E.Hüseynov həmçinin son iki ildə Azərbaycanda diffomassiya məsələləri ilə yanaşı jurnalistlər hüquq mühafizə orqanlarının çirkli provokasiyaları nəticəsində həbs olunduğunu vurğuladı.O, qeyd edib ki, Eynulla Fətullayev , Müşfiq Hüseynov eləcədə Sakit və Qənimət Zahidovlar bu provokasiyaların qurbanına çevrilmişdirlər.
“day.az” internet saytının sahibi Elnur Baimov öz növbəsində bildirdi ki, 2008-ci ildə 2007-ci illə müqayisədə internet sahəsində o qədər də nəzərə çarpan problemlər mövcud deyil. Lakin onun əldə etdiyi məlumata görə, hakimiyyət tərəfindən interneti tənzimləyən İnternet şurası adında bir gurum yaranacaq, bu isə bir qədər narahatlıq doğurur.
Yuxarıda sadalanan məsələlərdən əlavə görüş zamanı seçkilər ərəfəsində söz azlığına qarşı təzyiqin güclənməsi, həbsxanalarda saxlanılan jurnalistlərin vəziyyəti, jurnalistlərin aclıq aksiyası və digər məsələlərlə bağlı  müzakirələr aparılıb.
Öz növbəsində, "AQO" qrupunun rəhbəri Per Soqren bildirib ki, AŞ Azərbaycanda mətbuat azadlığı sahəsindəki vəziyyəti xüsusi diqqətlə izləyir. O, bildirib ki, qrup bu görüşdə qaldırılmış problemləri sabah ölkə rəsmiləri ilə keçirəcəyi müzakirələr zamanı qaldıracaq. O,həçinin nümayəndə heyətinin  aclıq aksiyası keçirən jurnalistlərə də baş çəkəcəyini bildirib.

Bundan sonra "AQO" Monitorinq Qrupunun üzvləri Prezident Aparatının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Əli Həsənovla , Milli Teleradio Şurasının sədri  Nuşirəvan Məhərrəmli ilə,  Azərbaycan Dövlət Televiziyasının sədri Arif Alışanovla, İctimai Televiziyanın Sədri İsmayıl  Ömərovla, və özəl telekanalların rəhbərləri ilə Azərbaycanda söz azadlığının durum barədə müzakirələri davam etdirdilər.

Previous Post

JURNALİST SEÇKİ EKSPERT MƏRKƏZİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

Next Post

JURNALİSTLƏRİN ACLIQ AKSİYASI DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.