Həyəcan: “Azadlıq” qəzetinin İsmayıllı üzrə bölgə müxbiri təhdid edildiyini bildirir

Bir neçə gün əvvəl icra başçısının istefası tələbi ilə etiraz aksiyalarının keçirildiyi İsmayıllı rayonunda yaşayan “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllı izlənildiyini və təhdidlərlə üzləşdiyini bildirir. Aksiyanın işıqlandırılmasında və ictimailəşməsində mühüm rol oynamış jurnalist hər gün taksi kimi fəaliyyət göstərən dövlət nömrə nişanı olmayan avtomobilllərdən izlənilir.

Jurnalist yanvarın 31-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) qaynar xəttinə zəng vuraraq təhdidlərlə üzləşdiyini bildirmiş və təhlükəsizliyinin təmin olunması ilə bağlı məsləhət istəmişdir.

Elçin İsmayıllı əlavə edib ki, hadisələr barədə məlumatları ilk olaraq mətbuata ötürdüyünə görə rayon prokurorundan, rayon polis şöbəsinin rəis müavini Şöhrət Kərimovdan və rayon rəhbərliyindən dəfələrlə təhdidlər gəlib. “Onlar mənə bildiriblər ki, hər şeyi mətbuata ötürən sənsən, yanvarın 29-da hüquq müdafiəçilərinin və jurnalistin İsmayıllıya səfərini də sən təşkil etmisən və buna son qoymağımı tələb edirdilər” – deyən jurnalist əlavə edib ki, telefonuna da təhdid dolu SMS və zənglər gəlib.

Jurnalist özünə qarşı hansısa təxribat və sui-qəsd planının hazırlanması barədə də məlumatlar aldığını deyir. O, avtoqəzaya salına və ya zəhərlənə, ya da hansısa bəhanə ilə həbs oluna biləcəyindən narahatdır. “Bu barədə mətbuata məlumat verdikdən sonra, bu gün (31 yanvar) artıq izlənməyə son qoyulub. Həmçinin rəis müavini mənimlə görüşərək hər hansı təxribat və ya sui-qəsdin mümkün olmadığını da bildirib” – deyə Elçin İsmayıllı qeyd edib.

RATİ Elçin İsmayıllıya hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə rəsmi qaydada şikayət etməyi tövsiyə edib.

“Biz İsmayıllıda baş vermiş kütləvi aksiyanı işıqlandırdığına görə jurnalist Elçin İsmayıllının təhdid olunmasından ciddi narahatlıq hissi keçiririk. Biz Daxili İşlər Nazirliyini jurnalistin təhdid olunması xəbərini araşdırmağa və bu təhdidlərin yerli məmurlar tərəfindən edilməsi iddiasına xüsusi diqqət yetirməyə çağırırıq” deyə RATİ sədri Emin Hüseynov bildirib.

RATİ jurnalist Elçin İsmayıllının işini diqqət mərkəzində saxlayacaq.

Previous Post

Jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə maneçilik törədilib

Next Post

Həyəcan: Prokurorluq “Azadlıq” qəzetinin baş redaktorunun müavininə xəbərdarlıq edib

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.