ƏLİ HƏSƏNOV MƏTBUAT OMBUDSMANININ YARADILMASI VƏ QHT-LƏRLƏ BAĞLI QANUNA MÜNASİBƏT BİLDİRİB

iyun 15th, 2009
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov iyunun 19-da parlamentin növbədənkənar iclasında müzakirəyə çıxarılacaq "Qeyri-Hökumət təşkilatları (İctimai birliklər və Fondları) haqqında" Qanuna dəyişikliklər və əlavələrlə bağlı münasibət bildirib.

APA-nın məlumatında bildirilir ki, Ə.Həsənov Qanuna ediləcək dəyişikliklər beynəlxalq standartlara uyğun olduğunu deyib: “Əgər əvvəllər Azərbaycanda xarici QHT-lər istədikləri şəkildə fəaliyyət göstərə bilirdilərsə, bundan sonra qanunda nəzərdə tutulan ölkələrarası müqaviləyə əsasən fəaliyyət göstərə biləcəklər ki, bu da normaldır. Təklif olunan dəyişikliklər müasir dünya standartlarına cavab verir” – deyən Ə.Həsənov sözügedən qanuna təklif olunan dəyişikliklərlə bağlı yaranan narahatlığı anlamadığını bildirib. “Mövcud QHT-lər üçün bu qanuna ediləcək dəyişikliklər heç bir problem yaratmır. Yəni mövcud QHT-lər qeydiyyatdan keçib, mövcud qanunvericiliyə uyğun olaraq, fəaliyyətlərini davam etdirir. Dəyişikliklərdə dövlətlərarası münasibətlərin gücləndirilməsi də əskini tapır. Ona görə də narahatlığa əsas yoxdur. Kimin konkret narazılığı və narahatlığı varsa, bununla bağlı söhbət apara bilərik” – deyə Prezident Adminstrasiyasının səlahiyyətlisi vurğulayıb.
Jurnalistlərin Azərbaycanda mətbuat ombudsmanı təsisatının yaradılması ilə bağlı təkliflərin hansı mərhələdə olduğuna dair sualını da cavablandıran Əli Həsənov mətbuat buna lüzum görmədiyini deyib. “Mətbuat Şurası jurnalistlərin ümumi qurultayında formalaşıb. Şuranın sədri və İdarə Heyəti də qurultayda seçilib. Belə olan halda ayrıca mətbuat ombudsmanının yaradılmasına lüzum yoxdur” – deyən Ə.Həsənov onu da əlavə edib ki, Azərbaycan jurnalistləri ayrıca bir ombudsmana ehtiyac olduğunu hesab etsələr, o zaman bu məsələyə baxmaq olaq.