ƏLİ HƏSƏNOV GƏNCLƏRİN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRİB

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Adnan Hacızadə və Emin Millinin (Abdullayev) həbsi ilə bağlı APA-ya münasibət bildirib:

“Azərbaycanda təəssüflər olsun ki, bəzən bu tipli aksiyaları siyasiləşdirir, şou düzəldir, sonra isə bundan Azərbaycan dövlətçiliyinə qarşı istifadə edirlər. Məhkəmənin qərarı olmadan, hadisələri bu şəkildə şişirtmək, siyasiləşdirmək, hadisələrə bu şəkildə qiymət vermək məhkəmə qərarlarına bu və ya digər şəkildə təzyiq və təsir kimi qiymətləndirilə bilər. Məhz bu baxımdan mən də əlavə şərh vermək istəmirəm. Məsələyə artıq lazımi orqanlar münasibət bildiriblər. Növbəti münasibət bildirəcək orqan məhkəmədir. Məhkəmənin qərarını gözləmək lazımdır. Yalnız məhkəmənin qərarından sonra hər hansı rəy vermək olar”.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən, qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı gənclərə hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN CƏNUBİ QAFQAZ ŞƏBƏKƏSİ TBİLİSİDƏ AKSİYA KEÇİRİB

Next Post

BEYNƏLXALQ İCTİMAİYYƏT GƏNCLƏRİN AZAD OLUNMASINI TƏLƏB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.