BEYNƏLXALQ İCTİMAİYYƏT GƏNCLƏRİN AZAD OLUNMASINI TƏLƏB EDİR

Beynəlxalq ictimaiyyət  “Alumni Network” Gənclər təşkilatının koordinatoru, AN onlayn televiziyasının rəhbəri Emin Milli(Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə t tanınmış videobloqer Adnan Hacızadənin azad olunmasını tələb edir.

Avropa Birliyinin prezidenti, İsveçin xarici işlər naziri Karl Bildt Emin Milli və Adnan Hacızadə barəsində İlham Əliyevlə müzakirə aparıb. Bu barədə APA məlumat yayıb. “Biz bu məsələni prezidentlə müzakirə etdik və öz narahatlığımızı bildirdik. Bir müddət əvvəl İsveç və Norveçin səfirləri də Azərbaycan prezidentinə məktub göndərərək bloqqerlərin həbsi ilə əlaqədar narahatlıqlarını ifadə ediblər” – deyə Blidt vurğulayıb.
Qeyd edək ki, RATİ Azərbaycanda media və insan haqları sahəsindəki problemlər və həbsdə olan jurnalistlərin, bloqçuların azad olunması ilə bağlı müzakirə aparmaları üçün Avropa Birliyinin prezidenti, İsveçin xarici işlər naziri Karl Bildtin rəhbərlik etdiyi nümayəndə heyətinə müraciət etmişdi.

“Amnesty İnternational” təşkilatı Azərbaycanda vətəndaş cəmiyyətinə və media fəallarına davam edən hücumlardan dərin narahatlıq keçirməsi barədə bəyanat verib. Bəyanatda Adnan Hacızadə və Emin Millinin fikirlərini açıq demək haqlarına görə hədəfə alındıqları vurğulanıb. Təşkilatın fikrincə, əgər Emin Milli və Adnan Hacızadə məhkum olunsalar, bu, Azərbaycanın söz azadlığını pozması olacaq.
“Amnesty International” hesab edir ki, hər iki gənc dərhal azad olunmalıdır.
Bəyanatın tam mətni:

http://www.amnestyusa.org/document.php?id=ENGEUR550062009&lang=e

“Sərhədsiz Reportyorlar” təşkilatı da Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədova məktub yazaraq, Emin Milli və Adnan Hacızadəni dərhal azadlığa buraxmağa çağırıb.  “Sərhədsiz Reportyorlar”ın baş katibi Jan-François Julliardın nazirə ünvanlandığı məktubda təşkilat iki bloqçunun günahsız olduğuna inanır və onlara qarşı irəli sürülən xuliqanlıq ittihamını əsassız hesab edir. Həmçinin məsələ ilə bağlı ciddi insan haqlarının pozuntularının olduğu da qeyd edilən məktubda Jan-François Julliard hesab edir ki, nazir Fikrət Məmmədov bu məsələyə diqqətlə baxacaq.
Məktubun tam mətni üçün link:

http://www.rsf.org/Reporters-Without-Borders-wrote-to,33866.html

Bakıda səfərdə olan ATƏT-in baş katibi Mark Perrin de Brişambo jurnalistlərə bildirib ki, ATƏT-in iki rəsmisi həbsdə olan gənc bloqçular – Emin Milli və Adnan Hacızadə ilə bağlı Azərbaycanın Xarici İşlər nazirinə məktub göndərərək narahatlıqlarını bildiriblər. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb. Brişambo vurğulayıb ki, indi onlar ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri, media azadlığı üzrə nümayəndəsi vasitəsilə gənc bloqçuların həbsi ilə bağlı dialoq aparırlar:
”Ümid edirəm ki, Azərbaycan ATƏT qarşısında götürdüyü öhdəliklərə hörmətlə yanaşacaq”.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı gənclərə hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.

Previous Post

ƏLİ HƏSƏNOV GƏNCLƏRİN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRİB

Next Post

EMİN MİLLİ VƏ ADNA HACIZADƏNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.