ƏLİ HƏSƏNOV: “TƏƏSSÜF Kİ, EMİN HÜSEYNOV BİR NEÇƏ DƏFƏ PLANLAŞDIRILMIŞ TƏXRİBATLARIN MƏRKƏZİNDƏ OLUB”

iyun 18th, 2008
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutun (RATİ) rəhbəri Emin Hüseynovun döyülməsi haqqında yayılan məlumatlar araşdırılır. APA-nın məlumatına görə, bu barədə Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Ortada planlaşdırılmış təxribat olduğunu təəssüflə qeyd edən şöbə müdiri Emin Hüseynovun bir neçə dəfə planlaşdırılmış belə təxribatların mərkəzində olduğunu vurğulayıb: “Missionerlər haradasa yeyib-içirlər, Emin Hüseynov orda olur, Prezident Aparatının qarşısında nəsə baş verir Emin Hüseynov ordadır.  O, ictimai təşkilat rəhbəridir, reportyordur, jurnalistdir, özü hələ müəyyən etməyib. Bu
isə ona və ətrafında olanlara problem yaradır”.
Kafelərdə, restoranlarda tədbirlərin keçirilməsinin yasaq olmadığını qeyd edən Ə. Həsənov bununla belə, missionerlərin kafelərdə, restoranlarda tədbir keçirməsinin indiki vaxtda elə də yaxşı hal hesab olunmadığını diqqətə çatdırıb: “Konkret sonuncu hadisə ilə bağlı nə baş verdiyini isə polis araşdırır. Missionerlik tək dinə bağlı məsələ deyil. İdeoloji, ekoloji və digər xarakterli missionerlik də var”.
Qeyd edək ki, Kuba sosialist inqilabının liderlərindən olan Ernesto Çe Gevaranın bir qrup fanatı iyunun 14-də Bakıdakı “Alaturka” restoranında toplaşmaq istəyərkən hüquq-mühafizə orqanlarının əməkdaşları bunun qarşısını alıb. Bu zaman baş verən insidentdə toplantını işıqlandırmaq üçün orada olan RATİ rəhbəri E. Hüseynovun da xəsarət aldığı bildirilir.