“AMNESTY İNTERNATİONAL” BLOGGERLƏRLƏ BAĞLI KAMPANIYAYA BAŞLAYIB

“Amnesty İnternational” həbsdə olan bloggerlər Adnan Hacızadə və Emin Millinin (Abdullayev) dəstəklənməsi üzrə kampaniyaya başlayıb. Təşkilatın saytında Adnan və Eminin fotoları, onların həbsinin səbəbləri haqqında məlumat yerləşdirilib.

Məlumatda deyilir ki, bloggerlərin həbsinə onların ictimai-siyasi fəaliyyəti və sosial şəbəkədə Azərbaycandakı korrupsiyaya dair videoçarx səbəb olub. Əsasən, bu Almaniyadan 10 min avroya alınmış eşşək haqqında satirik videoçarxdır.

 

Məlumatda həmçinin qeyd edilir ki, bloggerlər xuliqanlıqda ittiham olunaraq  məhkum ediliblər, lakin nə istintaq, nə də məhkəmə onların günahını sübut edə bilməyib. Saytın oxucularına prezident İlham Əliyevin adına ünvanlanmış məktubu imzalamaq təklif olunur. Məktubda vicdan məhbusları – ifadə azadlığına görə həbsxanaya düşən Adnan və Eminin taleyindən narahatlıq bildirilir.

 

“Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçısı olan ölkəniz fikir azadlığı hüququnu müdafiə etmək öhdəliyinə malikdir. Adnan və Eminin mümkün qədər tez azadlığa buraxılması üçün lazımi tədbirləri görməyinizi xahiş edirəm” – məktubda vurğulanır.

 

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

 

Previous Post

AVROPA İTTİFAQI GÜRCÜSTAN, AZƏRBAYCAN VƏ ERMƏNİSTAN ARASINDA ASSOSİASiYA SAZİŞLƏRİ İLƏ BAĞLI DANIŞIQ

Next Post

AZƏRBAYCAN AVROPA MƏHKƏMƏSİNİN BÖYÜK PALATASINA ŞİKAYƏT VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.